CƏMİYYƏT
Hekayələri fərqli, taleləri eyni: İtkin ailələri Qarabağda VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Hekayələr fərqli, amma talelər eynidir. Dörd minə yaxın itkin ailəsinin illərdir gözləri yolda, qulaqları səsdədir. Bəlkə bir xəbər, bəlkə bir zəng deyə illərdir gözləyirlər. Amma Ermənistanın müharibə qanunlarına zidd davranışları bu illəri daha da uzadır. Xəbər verdiyimiz kimi, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi 40-a yaxın itkin ailəsinin Ağdam-Xocalı-Xankəndi-Şuşaya səfərlərini təşkil edib. Şuşanın yolları yenə dumanlı, hava çiskinlidir. Adətən belə havalar insanı darıxdırır. Lakin təkcə indi yox, 30 ildir gözü yol çəkən 40-a yaxın itkin ailəsinin bu gün ürəyindəki nisgilin acısı az da olsa səngiyəcək. Çünki bu ailələr doğmalarının onlardan uzaq düşdüyü ərazilərə gəlib. “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkil etdiyi bu səfər özündə həm də təsəlli daşıyır. Bəlkə də bu yerlərdə axtardıqları yaxınlarının ayaq izi, son nəfəs hənirtisi var.
Onların hekayələri fərqli olsa da, ümidləri eynidir. Hər biri 30 ildən çoxdur əzizlərinin taleləri barədə gələcək xəbəri gözləyirlər.
İtkin düşmüş Mirzəyev Vəfadarın bacısı Fəridə Məlikova AZƏRTAC-a açıqlamasında deyib: “1994-cü ilin yanvarında müharibəyə gedib, fevralda isə xəbəri gəlib. Ondan bəri xəbər yoxdur. Otuz ildir gözləyirik, deyirik ki, indi bir xəbər gələr. Buralara ümidlə gəlirik ki, bəlkə nəsə eşidərik”.
Ağrılıdır... Ziyarət edə biləcəkləri bir məzara belə həsrətdirlər. Dörd min itkin ailəsinin 30 ildir duaları da eynidir. Gözlərinin yollardan çəkiləcəyi günü gözləyirlər. Həm də qürurludurlar. Ona görə ki, artıq bu torpaqlara düşmən ayağı dəymir.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib: “Ağır və çətin olsa da, biz itkin ailələri məzarsız şəhidlərimizin döyüşdüyü torpaqları qürurla ziyarət edirik. Çünki biz artıq 30 ildən sonra azad, müstəqil Azərbaycanın bütövləşən torpaqlarındayıq. Bu torpaqlara bizim itkin düşən şəhidlərimizin qanı tökülüb. Bu torpaqlarda itkinlərimiz, şəhidlərimiz öz qanları ilə tarix yazıblar. İndi burada olan itkin düşmüş şəxslərin ailələri 33 ildə inanılmaz əzab və iztirab çəkiblər. Biz 33 ildir gözü yolda qalan itkin ailələriyik. İndiyədək qeyri-müəyyənlik içərisində yaşamışıq. Çünki itkin düşənlərimizin başına nələr gəldiyindən xəbərimiz yoxdur. Onların necə və hansı şəraitdə öldürüldüyünü, əzab və əziyyətlə qətlə yetirildiyini bilmirik. Ancaq bu gün BMT də daxil olmaqla, dünya birliyi bütün bunlara göz yumur. Bu azmış kimi, saysız müharibə cinayətləri törədən, əli günahsız insanların qanına batan Ermənistana yardım edir. Bu gün hamımız itkin ailələrinin səsi olaraq dünyaya müraciət edirik. Biz 33 ildir Ermənistanın qəbuledilməz mövqeyinə görə doğmalarımızdan xəbər ala bilmirik, 4 minə yaxın soydaşımızın taleyindən xəbərsizik”.
Onlar eşidəcəkləri istənilən xəbərə hazırdırlar. Yetər ki, doğmalarının taleyindən xəbər alsınlar, illərdir yollara dikilən həsrət baxışı sona yetsin.