İDMAN
Həmyerlimiz Vyana şəhər marafonunda fərqlənmişdir
Vyana, 16 aprel (AZƏRTAC). Aprelin 15-də Vyana şəhərində ənənəvi şəhər marafonu keçirilmişdir. Artıq 29-cu dəfə təşkil edilən marafonda dünyanın 100-dən artıq ölkəsindən 30 mindən çox peşəkar və həvəskar idmançı iştirak etmişdir.
Azərbaycanın Avstriyadakı səfirliyindən bildirmişlər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafonda iştirak etmişdir.
Hərbçimizin daxil olduğu və ABŞ, Böyük Britaniya və İtaliya hərbçilərindən ibarət komanda ATƏT-i təmsil edən beş komanda arasında birinci yeri tutmuşdur. Komandanın bütün üzvləri, o cümlədən həmyerlimiz medalla təltif edilmişdir.
Hər il olduğu kimi, bu il də marafonçuları dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək, “Kinder-Krebs-Hilfe” (Uşaqlarda Xərçəngə qarşı Mübarizə) Xeyriyyə Cəmiyyətinin hesabına vəsait köçürmüşlər.
Peşəkar idmançılar arasında Keniya təmsilçisi Henri Suqut 42,195 kilometrlik məsafəni 2 saat 6 dəqiqə 8 saniyəyə qət edərək, marafon qaçışının qalibi olmuşdur. Bununla da H. Suqut Vyana şəhər marafonu tarixində rekord göstəriciyə imza atmışdır. Sonrakı yeddi yeri də yalnız keniyalı idmançılar tutmuşdur. Qadınlar arasında birinci yerə ötən ilin qalibi efiopiyalı Feyt Tola çıxmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana