REGİONLAR
HƏR BİR HEYVANDARLIQ TƏSƏRRÜFATI BAYTAR XİDMƏTİ İLƏ TƏMİN OLUNMALIDIR
Bu günlərdə mətbuatda Siyəzən rayonundakı “Orxan” özəl damazlıq təsərrüfatında 4 baş qaramalın tələf olması barədə məlumatda qeyd edilmişdir ki, bunun səbəbi yolxucu xəstəlikdir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, həmin məlumatdan əvvəl qurumun mütəxəssisləri adı çəkilən təsərrüfatda tələfatın səbəbini araşdırmış və məlum olmuşdur ki, heyvanlar baytar-sanitar normalara cavab verməyən binalarda saxlanılır, burada fərdi baytarlıq xidməti ilə məşğul olan mütəxəssis yoxdur. Gənələrə qarşı profilaktik tədbirlər aparılmamışdır. Qeyd edək ki, dörd yox, iki baş qaramal məcburi kəsilmişdir. Həm də səbəb yolxucu yox, invazion (el arasında “qızdırma” deyirlər) xəstəlikdir. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, belə xəstəliklərə qarşı mübarizəni təsərrüfat sahibləri öz vəsaitləri hesabına aparmalıdırlar.
Sahibkara tövsiyə olunmuşdur ki, qısa müddətdə heyvanlarını baytarlıq idarəsində qeydiyyatdan keçirsin, təsərrüfatı üçün baytar həkimin fəaliyyətini təmin etsin.
Hazırda təsərrüfatda invazion xəstəliyin profilaktikasına uyğun mübarizə tədbirləri görülür.