CƏMİYYƏT
Hər bir vətəndaşın asanlıqla müraciət edə biləcəyi Mərkəz

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş dayanır. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi bu siyasətin ən bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O bildirib ki, ölkədə kadr islahatları aparılır, eyni zamanda, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması üçün dövlət qurumlarının nəzdində İctimai Şuralar yaradılır. İctimai Şura həmin orqanların şəffaf fəaliyyətinə müsbət təsir göstərir.
Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bir sıra məsələlərlə yanaşı, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, şəffaflığın və əlçatanlığın təmin edilməsi istiqamətində aparılan islahatlardan danışarkən qeyd edib ki, “vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Ona görə bütün sahələrdə - iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni, harada ki, korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda, uğurlar daha da təsirli olacaq”.
Martın 28-də Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması bu sahədə mühüm addımdır. Prezident Administrasiyasının binası elə ərazidədir ki, vətəndaşların eyni anda qəbula gəlməsi sıxlıq yaradır, onlar fikirlərini ifadə etməkdə bəzi çətinliklər yaşayır, eyni zamanda, nəqliyyatın hərəkətinə də maneə törədirdi. Lakin Vətəndaş Qəbulu Mərkəzinin açılması vətəndaşlara müraciət edə bilmələri üçün yeni, rahat və əlçatan şəraitin yaradılmasına səbəb olacaq.
Beşmərtəbəli binada gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallarla yanaşı, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqlarının olması da çox vacibdir. Vətəndaş özünü rahat his etməlidir. Bəzən himayəsində azyaşlı uşaq və çox uşaq olan qadın qəbula gələ bilmir, çünki uşaqlarını etibar edəcəyi yeri yoxdur. Lakin indi həmin qadınlar da qəbula gələcəklər və uşaqlarından narahat olmayacaqlar. Bəzən vətəndaşlar dinləmək, onları düzgün istiqamətləndirmək, hüquqi və sosial-psixoloji yardım göstərmək bəlkə də bütün problemlərin həllində açar rol oynayır. Ona görə də müvafiq otaqların olması və bu işə mütəxəssislərin cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır.
Həmçinin Vətəndaş Qəbulu Mərkəzində Çağrı Mərkəzi istifadəyə verilib, vətəndaşlar 1111 nömrəsinə zəng edə biləcəklər. Mərkəzdə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanı yaradılıb, ölkənin bütün şəhər və rayon icra hakimiyyətlərinin vətəndaş qəbulu otaqları və Prezident Administrasiyasının müvafiq struktur bölməsi ilə paralel olaraq əlaqə saxlamaq imkanı verən xüsusi rabitə sistemi var. Mərkəzdə iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər. Hər bir vətəndaş öz problemi ilə istənilən quruma çox asanlıqla müraciət edə bilər.
Digər vacib bir məsələ isə vətəndaşların ünvanladığı müraciətlər, qaldırdığı müxtəlif məsələlər ilə bağlı veriləcək cavablar bir mərkəzdən idarə olunacaq. Yerli və mərkəzi icra orqanları ilə koordinasiyalı iş aparılaraq, müraciətlərin vaxtında cavablandırılması, konkret problemlərin həll edilməsi daha sürətlə və keyfiyyətli idarəetmə ilə həyata keçiriləcək. Mərkəzin fəaliyyəti zamanı könüllülərin də bu prosesdə iştirakı nəzərdə tutulur. Bu isə vətəndaşların işini daha da asanlaşdıracaq.
İnanırıq ki, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan yeni Mərkəz “ASAN Xidmət” kimi Azərbaycanın milli brendinə çevriləcək.