İQTİSADİYYAT
Hesablama Palatasında “Almaniya Ali Audit Qurumunun mandatı və strukturu” mövzusunda təqdimat keçirilmişdir
Bakı, 22 sentyabr (AZƏRTAC). Hesablama Palatasında Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi çərçivəsində strateji inkişaf planının reallaşdırılması üçün texniki yardımın göstərilməsi üzrə fərdi məsləhətçi seçilmiş Aksel Menniken palatanın əməkdaşları üçün “Almaniya Ali Audit Qurumunun mandatı və strukturu” mövzusunda təqdimat keçirmişdir.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqdimatda fərdi məsləhətçi tərəfindən əsasən Almaniya Ali Audit Qurumunun konstitusional rolu, fəaliyyət prinsipləri, təşkilati strukturu, auditin keçirilməsi, məsləhətin verilməsi və hesabatlılıq üzrə qanunvericiliklə müəyyən edilmiş funksiyaları, büdcə prosesinin monitorinqi və tənzimləyici təsirin qiymətləndirilməsi, habelə ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunulmuşdur. Əsas diqqət 300 ilə yaxın tarixi olan Almaniya Ali Audit Qurumunun qanunvericilik bazasının formalaşdırılmasına, təşkilati strukturun funksional vəzifələrin icrasına şərait yaratmasına, üzvlərin müstəqilliyinə, qərarların qəbulu prosesinin tənzimlənməsinə, audit meyarlarına və predmetinə, audit sübutlarının toplanılmasına, audit işinin planlaşdırılması və keçirilməsinə, audit hesabatının və rəyinin formalaşmasına, hesabatlılıq məsələlərinə, illik və xüsusi hesabatların təqdim olunmasına, habelə qurumun büdcə prosesinə cəlb edilməsinə yönəldilmişdir.
Təqdimat işgüzar əməkdaşlıq şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.