HESABLAMA PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ MANİLADAN QAYITMIŞDIR
Respublika Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər. Asiyanın 36 ölkəsindən 144 nümayəndə və müşahidəçinin, habelə Avstraliya və Yeni Zelandiyanın ali maliyyə nəzarəti orqanları rəhbərlərinin təmsil olunduqları Assambleyada Azərbaycanı Hesablama Palatasının sədri Namiq Nəsrullayevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Müzakirələrdə korrupsiya və çırkli pulların yuyulması ilə mübarizədə ali maliyyə nəzarəti orqanlarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi diqqət mərkəzində olmuşdur. Bu sahədə müvafiq milli qanunvericiliyin təkmilləşdirilməsi və uzlaşdırılması, Asiya-Sakit Okean regionu ölkələrinin ali maliyyə nəzarəti orqanlarının korrupsiya ilə mübarizədə səlahiyyətlərinin artırılmasının vacibliyi də xüsusi vurğulanmışdır.
Azərbaycanlı nümayəndələr həm bu məsələlərə, həm də “Dövlət auditində idarəetmənin keyfiyyəti” mövzusuna dair diskussiyalarda fəal iştirak etmişlər.
Assambleyada ASOSAİ-nin rəhbər orqanlarının yeni üzvləri seçilmişdir. Azərbaycan nümayəndə heyətinin təklifi ilə Banqladeş, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə ali maliyyə nəzarəti orqanlarının nümayəndələri bu təşkilatın rəhbərliyinə seçilmişlər.
Azərbaycan nümayəndə heyəti Manilada Avstraliya, Gürcüstan, Rusiya, Pakistan, İsrail, İran, Filippin və İndoneziyanın nümayəndə heyətləri ilə ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıqlar aparmışdır.