HƏSƏN (ƏBDÜLHƏSƏN) AĞAMƏMMƏD OĞLU MƏMMƏDOV
Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra aktyorluğa olan marağı onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirmişdir. O, 1962-ci ildə institutun aktyorluq fakültəsini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Milli Dram Teatrına dəvət alan sənətkar 1972-ci ilə qədər aktyor kimi çalışdığı bu teatrın səhnəsində bir sıra yaddaqalan obrazlar yaratmışdır. Həsən Məmmədov 1972-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlamış, 1991-1992-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyində, 1992-ci ildən isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir.
Aktyorluq sənətinin incəliklərinə dərindən bələd olması ilə diqqəti cəlb edən Həsən Məmmədov az bir vaxtda istedadlı aktyor kimi tanınmış, gözəl ifa tərzi, yüksək səhnə mədəniyyəti, böyük təsir gücünə malik təkrarsız səsi ilə teatr və kino həvəskarlarının qəlbinə yol tapmışdır.
Azərbaycan kino sənətinin zəngin ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Həsən Məmmədovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Onun əsas rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur. Sənətkarın Azərbaycan kinosunda ekran həyatı verdiyi parlaq obrazlar qalereyası kino salnaməmizin unudulmaz səhifələrini təşkil edir. Onun fitri istedad və peşəkarlıqla yaratdığı bu misilsiz obrazlar təbiiliyi və özünəməxsusluğu ilə sənətşünaslar, eləcə də minlərlə tamaşaçı tərəfindən rəğbətlə qarşılanaraq, yüksək qiymətə layiq görülmüşdür.
Tarixi keçmişimizin və müasirlərimizin obrazlarını ekranda canlandırmaqla ustad sənətkar xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində və yetişməkdə olan gənc nəslin qəhrəmanlıq və vətənə sədaqət ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynamışdır.
Həsən Məmmədovun böyük aktyorluq məharəti sənətkara və onun timsalında Azərbaycan kinosuna ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir.
Həsən Məmmədovun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Böyük sənətkar, qayğıkeş və təvazökar insan olan Həsən Məmmədovun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Heydər Əliyev, Murtuz Ələsgərov,
İlham Əliyev, Ramiz Mehdiyev,
Artur Rasizadə, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Polad Bülbüloğlu, Nizami Xudiyev,
Anar Rzayev, Vaqif Mustafayev,
Rüstəm İbrahimbəyov, Eldar Quliyev,
Azər Paşa Neymətov, Əliabbas Qədirov,
Rasim Ocaqov, Nəsibə Zeynalova,
Amaliya Pənahova, Şəfiqə Məmmədova,
Xamis Muradov, Oqtay Mirqasımov,
Lütfi Məmmədbəyov.
Mərhumun cənazəsi vidalaşmaq üçün 2003-cü il avqustun 28-də saat 14-dən 16-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaqdır (Füzuli meydanı, 1).