HƏYATINI AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ, XALQIMIZIN XOŞBƏXTLİYİNƏ HƏSR ETMİŞ DÜNYA ŞÖHRƏTLİ SİYASƏTÇİ
AZƏRTAC xəbər verir ki, mayın 9-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Əzizbəyov rayon dövlət yanğın mühafizə hissəsi 6 nömrəli yanğından mühafizə bölməsinin yeni binası istifadəyə verilmişdir.
Yeni binanın açılışı münasibətilə keçirilən mərasimdə iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğınların söndürülməsi zamanı istifadə olunan ləvazimata, “MAN” və “İVEKO” markalı yanğınsöndürmə avtomobillərinə baxmış, inzibati binadakı iş şəraiti ilə tanış olmuş, tövsiyələrini vermişdir.
Kəmaləddin Heydərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində açılışı olan bu hissə dünya standartlarına uyğun inşa edilmiş və yeni alınmış müasir texnika ilə təchiz olunmuşdur. Hazırda təkcə Bakıda deyil, respublikanın bütün bölgələrindəki yanğınsöndürmə bölmələrinin müasir texnika ilə təmin olunması işləri davam etdirilir.
Elə həmin gün Fövqəladə Hallar Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül-çiçək düzülmüşdür.
Elə həmin gün Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri alayında qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilmişdir.
Təlim-tədris prosesini uğurla başa vurmuş gənc əsgərlər respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, komandirlərin əmrlərini ləyaqətlə yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına təntənəli surətdə and içmişlər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, FHN-in formalaşması və inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
Ümummilli lider Heydər Əliyevin apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət quruculuğunda əsaslı dönüş yarandığını deyən nazir bildirmişdir ki, ulu öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin bu gün ölkəmizin iqtisadiyyatı, neft strategiyası ilə yanaşı, ordu quruculuğuna göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimiz gündən-günə güclənir, müasir avadanlıqla, texnika ilə təhciz olunmuş beynəlxalq standartlara cavab verən quruma çevrilir.
Nazir bu əlamətdar gündə hərbi andı qəbul edən gənc əsgərləri təbrik etmiş, onlara nailiyyətlər arzulamışdır.
Valideynlər adından çıxış edən Ceyhun Hüseynov əsgərlərə göstərilən diqqət və qayğıdan, yaradılmış məişət şəraitindən razılığını bildirmişdir.
Gənc əsgərlər təntənəli marşla tribuna önündən keçmişlər.
Sonra alayda ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır.
Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin misilsiz olduğunu deyən nazir, həyatını Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlətçiliyimizin təşəkkül tapması və inkişafında əvəzsiz rolundan danışmışdır. K.Heydərov görkəmli dövlət xadiminin 1969-cu ildən başlayan müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat vermişdir.
Fövqəladə hallar naziri görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxdığını, ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, həyata keçirilən müdrik siyasət nəticəsində ölkəmizin dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu söyləmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, dövlətçiliyimizin tam bərqərar olması, yüksək rifahlı cəmiyyətin formalaşması üçün göstərdiyi fədakarlıqlardan söhbət açan Kəmaləddin Heydərov, dahi şəxsiyyətin həyata keçirdiyi taleyüklü tədbirlərin respublika əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, bütün bunların böyük öndərin öz xalqına və torpağına bağlılığından irəli gəldiyini diqqətə çatdırmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin respublikamızda hüquqi islahatları uğurla davam etdirməsini vurğulayan nazir, bu gün dövlət başçımızın Azərbaycanın inkişafına, ölkənin təhlükəsizliyinin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən də danışmışdır. Bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin tez bir zamanda bu səviyyəyə çatması Prezident İlham Əliyevin böyük zəhmətləri hesabına olmuşdur.
Nazir bildirmişdir ki, FHN-in bütün qurumları, o cümlədən Mülki Müdafiə Qoşunları Prezident İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq, qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirəcəkdir.
Milli Məclisin deputatı Rafael Hüseynov dahi rəhbərimizin ömür yolunun və siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini təhlil etmiş, ümummilli liderimizin zəngin siyasi irsinin nəsillərə layiqli örnək olduğunu diqqətə çatdırmış, Heydər Əliyevin titanik fəaliyyətinin yalnız Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün əhəmiyyətindən söhbət açmışdır.
Xidmətdə fərqlənən şəxslərə hərbi rütbələr və hədiyyələr təqdim edilmişdir.
Tədbirdə Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev iştirak etmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |



