Heydər Əliyev adına Beynəlxalq Kubok yarışının iştirakçıları Xaçmazda Ümummilli Liderin xatirəsini yad etmişlər
Bakı, 30 may (AZƏRTAC). Mayın 31-dən iyunun 1-dək Nabranda idmanın səmti müəyyən etmə növü üzrə ümummilli lider Heydər Əliyev adına ənənəvi Beynəlxalq Kubok yarışı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarış Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının təşkilatçılığı, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd xidmətlərinin dəstəyi ilə təşkil olunacaqdır.
Yarışa Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, ali təhsil müəssisələri, idman klublarını və s. təmsil edən 20-dən çox komanda, eləcə də 12 ölkədən idmançılar qatılacaqlar.
Mayın 30-da yarışın təşkilatçıları və iştirakçıları Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Yarışın hakimlər kollegiyasının tərkibinə yerli və xarici mütəxəssislər daxil edilmişdir. Builki yarışın əsas yeniliklərindən biri də idmançıların mübarizə aparacağı ərazidə video-nəzarət məntəqəsinin quraşdırılmasıdır. Beləliklə, idmançıların meşədəki hərəkətini yarış mərkəzində və Federasiyanın rəsmi saytında canlı izləmək mümkün olacaqdır.
Yarış “Elit”, “Open” (yeni başlayanlar qrupu) və “Junior” (uşaqlar) kateqoriyaları üzrə həm komanda, həm də fərdi hesabda keçiriləcəkdir. İdmançılar kateqoriyalara uyğun qaydada məsafəni keçib nəzərdə tutulmuş nəzarət məntəqələrində müəyyən ardıcıllıqda qeyd olunmalıdırlar.