HEYDƏR ƏLİYEV İDEYALARI YAŞAYIR, XALQIMIZI YENİ QƏLƏBƏLƏRƏ, DAHA YÜKSƏK ZİRVƏLƏRƏ APARMAQDA DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, bu fikir Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli dövlətçilik ideyaları” mövzusunda keçirilən elmi-nəzəri konfransda səslənmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderin adını daşıyan mərkəzi meydana gəlmiş, burada abidəsi önünə tər çiçəklər qoymuş, əziz xatirəsini yad etmişlər.
Rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Akif Mirzəyev “Heydər Əliyev və milli dövlətçilik ideyaları” mövzusunda məruzə etmişdir.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasi və dövlət xadimi bəxş etmişdir. Keçmiş SSRİ hökumətində yüksək vəzifələrədək yüksəlmiş türk dünyasının böyük oğlu bu imkanlardan Azərbaycanın iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə etmişdir.
Natiqlər ulu öndərimizin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini geniş şərh edərək, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışının parçalanmaqda olan Azərbaycanın tarixində müstəsna rolunu vurğulamışlar. Məhz bu dahi insanın qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın müstəqil, sivil dövlət quruculuğu yoluna qədəm qoyduğunu diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, bu gün Azərbaycan Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Təsadüfi deyildir ki, konfransda çıxış edən natiqlər ulu öndərin varisi, Prezident İlham Əliyevi getdikcə qloballaşan və böyük gərginliklər yaşanan müasir dünyada çevik siyasətçi, alternativsiz bir şəxsiyyət kimi dəyərləndirdilər.
Elmi-nəzəri konfransın sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilmişdir.