“HEYDƏR ƏLİYEV VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ” MOVZUSUNDA KONFRANS
Konfransı giriş sözü ilə açan nazir Füzuli Ələkbərov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açmışdır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yubileyin dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan natiq bildirmişdir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Həmin dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olmuşdur. Heydər Əliyev özünün dövlət idarəçiliyi ilə bağlı strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatdakı uğurlarla əlaqələndirərək vahid məcraya yönəldirdi. 1969-1982-ci illər Azərbaycan salnaməsinin həyatımızın bütün sahələrində baş verən köklü dəyişikliklərlə zəngin səhifələrini təşkil edir.
Füzuli Ələkbərov xüsusi olaraq vurğulamışdır ki, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiyası proseslərinin möhkəm təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi böhrandan qurtarmış, qanunçuluğu bərpa etmiş, cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir.
Bildirilmişdir ki, 1994-cü ildə Heydər Əliyev neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmışdır. Dinamik inkişafa təkan verərək, müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan sürətlə inkişaf etməsi üçün zəmin yaratmışdır. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür.
Nazir demişdir ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə vətəndaşlarının sosial müdafiəsi getdikcə daha da möhkəmlənir və onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir.
Tədbirdə çıxış edən digər natiqlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətini örnək kimi qəbul etdiklərini bildirmiş və dahi rəhbərə ümumxalq sevgisindən danışmışlar.
Vurğulanmışdır ki, ƏƏSMN-in çoxsaylı kollektivi qarşıdan gələn prezident seçkilərində ulu öndərimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Sonda ulu öndərin həyat və yaradıcılığını əks etdirən videofilm nümayiş etdirilmişdir.