Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir
Sumqayıt, 4 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 4-də Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda respublika elmi konfransı işə başlayıb. Konfransda ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak edir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesindəki ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov konfransı açaraq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin anadan olmasının 95-ci ildönümünün respublikamızda və ölkəmizdən kənarda dərin hörmət və ehtiramla geniş qeyd olunduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin doğum gününün geniş qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür.
Prorektor onu da diqqətə çatdırıb ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Yüz illər keçəndən sonra da Ulu Öndər haqqında hər dəfə yeni fikirlər səslənəcək. Çünki Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir.
Konfransda “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, “Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyat keçirdiyi mühüm tədbirlər”, “Heydər Əliyev və Azərbaycan Respublikasında ordu quruculuğu” mövzularında məruzələr dinlənilib.
Beynəlxalq konfransa 180 tezis qəbul edilib və konfrans materialları toplu şəklində çap olunub.