HEYDƏR ƏLİYEVİN ZƏNGİN SİYASİ İRSİ MİLLİ SƏRVƏTİMİZ, GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN ƏVƏZSİZ XƏZİNƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Lənkəran Dövlət Universitetində (LDU) ümummilli liderimizin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş «Heydər Əliyev irsi və Azərbaycanda güclü dövlət. Modernləşmiş iqtisadiyyat və azad vətəndaş cəmiyyəti quruculuğuna dair İlham Əliyev strategiyası» mövzusunda keçirilən elmi konfransda səslənmişdir.
Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə keçirdiyi tədbirin iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Cənub bölgəsinin elm xadimlərinin, ziyalıların, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi toplantıda Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadənin məruzəsi dinlənilmişdir.
LDU-nun rektoru, professor Asəf İsgəndərov, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin depupatı, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev çıxış edərək mənalı ömrünün 34 ilini Azərbaycan dövlətinin dünyada tanınmasına və onun tərəqqisinə həsr etmiş dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan danışmış, böyük öndərin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirmiş, məhz böyük öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində milli dövlətçiliyimizin möhkəm əsaslar üzərində yenidən qurulduğunu, ölkəmizin dünya dövlətləri arasında qabaqcıl mövqe qazandığını diqqətə çatdırmışlar.
Qeyd olunmuşdur ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərlik bacarığı ilə böyük öndərin respublikamızda başladığı islahatlar uğurla inkişaf etdirilir, dövlətimizin iqtisadi qüdrəti artır, ölkədə siyasi sabitlik, vətəndaş həmrəyliyi daha da möhkəmlənir.
Heydər Əliyevin zəngin tarixi irsini ən qiymətli milli-mənəvi sərvət, gələcək nəsillər üçün əvəzsiz nemət kimi qiymətləndirən natiqlər, bu irsi daim öyrənməyin və ona sadiq olmağın hər bir azərbaycanlının mənəvi borcu, həyati əhəmiyyətli vəzifəsi olduğunu diqqətə çatdırmışlar.