Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yerli qoyun cinslərinin çarpazlaşdırılması üzərində təcrübələrə başlanılıb
Gəncə, 29 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda (HETİ) yerli qoyun cinslərinin çarpazlaşdırılması üzərində təcrübələrə başlanılıb.
Bu barədə institutun direktoru Mahir Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
O bildirib ki, ölkədə fərdi və dövlət təsərrüfatlarında 13 cinsdən olan 8 milyon başa yaxın qoyun saxlanılır. Mövcud cinslərin qorunması, saxlanması, eləcə də xaricdən gətirilən qoyun cinsləri ilə çarpazlaşdırılması və yeni cinslərin alınması üzrə institutun işçiləri tərəfindən elmi işlər davam etdirilir. Belə ki, məhv olmaq təhlükəsi olan yerli cinslərdən Qarabağ qoyun cinsinin mələzləri, eləcə də Bozax yerli qoyun cinsi üzərində elmi tədqiqatlar aparılır. Onlardan südlük və ətlik istiqamətində yeni cinslərin alınmasına çalışılır. Bundan başqa, HETİ-də Türkiyədən gətirilən Avasiya qoyun cinsi üzərində də elmi işlər aparılır. Qoyunların ekstensiv yemləmədən intensiv yemləməyə keçməsi üçün aparılan elmi işlər də institut əməkdaşlarının fəaliyyətinə daxildir.
Bu yaxınlarda institutda qoyunların intensiv formada bəslənməsi üsullarına keçiləcəyini deyən M.Hacıyev bildirib ki, əsas məqsəd elmi tədqiqat institutu olaraq əsas genetik mərkəz rolunu oynamaqdır.
“Fermer təsərrüfatlarına dəstək olaraq mövcud heyvanların bəslənməsi, saxlanması, onların artırılması və yemləndirilməsi işlərində fermerlərə tövsiyələrimizi verəcəyik. Hazırda respublikamıza kənardan Ramanov, Hissar cinsləri gətirilir. Çalışırıq ki, gələcəkdə yüksək məhsuldar cinsləri yerli cinslərlə çarpazlaşdırıb onlar üzərində dərin elmi-tədqiqat işləri aparaq. Digər bir məqsədimiz isə genetik tədqiqatlara başlamaqdır”, - deyə o qeyd edib.