Huqo Alonso: Gəncənin Avropanın İdman Şəhəri titulunu qazanmaq şansı yüksəkdir
Gəncə, 3 may, Rauf Hacıyev, AZƏRTAC
“ACES Europe” təşkilatının nümayəndə heyəti Gəncəyə səfəri çərçivəsində idman ictimaiyyəti və KİV nümayəndələri ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər Evində keçirilən tədbirdə təşkilatın prezidenti Gian Françesko Lupattelli, vitse-prezidenti Con Svanson, İdarə Heyətinin üzvü Lukas Vorel-Adams, Beynəlxalq İnkişaf bölməsinin rəhbəri Xavier Rodriqo və baş katibi Huqo Alonso, eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, “ACES Europe” hər il 9-19 şəhəri Avropa İdman Şəhəri, 1 şəhəri isə Avropa İdman Paytaxtı titulu ilə təltif edir. Hazırda təşkilatın şəbəkəsinə 500 şəhər daxildir. 2019-cu il üçün Avropanın İdman Şəhəri tituluna hələlik 40 şəhər müraciət edib.
Media nümayəndələrinin suallarını cavablandıran “ACES Europe” təşkilatının prezidenti Gian Françesko Lupattelli Gəncənin gənc və enerjili şəhər olduğunu deyib, bunu müsbət hal kimi qiymətləndirib.
İdman sahəsinə yönələn diqqət, yaradılan şərait və Gəncə idmançılarının əldə etdikləri nailiyyətlər, habelə namizədlik dövründə görüləcək işlərlə tanış olduqlarını deyən təşkilatın baş katibi Huqo Alonso, Gəncənin Avropanın İdman Şəhəri titulunu qazanmaq şansının yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, Avropa İdman Şəhəri titulunu qazanan şəhərlərin adları iki həftə sonra açıqlanacaq.