Hüquq-mühafizə orqanları narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparırlar
Bakı, 27 aprel, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri, eləcə də erkən nikah və onun fəsadları mövzusunda görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov tədbirdə çıxış edərək narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan danışıb. İdarə rəisi deyib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə ciddi diqqət yetirməli, uşaqların elmə, idmana və təhsilə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.
R.Qədirov narkomaniyaya qarşı hüquq-mühafizə, o cümlədən polis orqanlarının apardığı qətiyyətli mübarizə tədbirlərindən danışaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində ölkə rəhbərliyi səviyyəsində atılmış növbəti mühüm addım olub. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ən qəti tədbirlər görməklə yanaşı, həm də azyaşlılarla, gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.
Tədbirdə, eyni zamanda, erkən nikaha daxilolma məsələsinə də toxunulub, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində belə mənfi hallara qarşı davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi də vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin qısa müddətdə dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx izlənilib.