MƏDƏNİYYƏT
ICESCO İslam irsi abidələrini bərpa və mühafizə etməyə çağırıb
Qahirə, 19 aprel, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) bütün dünyadakı İslam irsi abidələrini bərpa və mühafizə etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu fikir təşkilatın Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı bəyanatında yer alıb.
ICESCO-nun müraciətində qeyd olunub ki, mədəniyyətlərarası dialoq çərçivəsində bəşər tarixinə, o cümlədən İslam irsinə məxsus abidələrin vandal aktlarından qorunması, onların mühafizəsi və gələcək nəsillərə çatdırılması aktual məsələ kimi qarşıda durur. Bu məqsədlə təşkilatın nəzdində fəaliyyət göstərən İslam Dünyası İrsi Mərkəzi üzv dövlətlərin uyğun hökumət strukturları və vətəndaş cəmiyyəti ilə birlikdə müxtəlif proqramlar həyata keçirir. Artıq 300-dən çox qədim abidə siyahıya alınıb və onların bərpası istiqamətində layihələr hazırlanıb. Bu prosesə müsəlman ölkələrindən olan qədim irs üzrə mütəxəssislər cəlb olunub.
Təşkilatın bəyanatında vurğulanıb ki, silahlı münaqişə zonalarında tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirilməlidir. Bununla yanaşı, arxeoloji abidələrin qanunsuz satışının qarşısını almaq məqsədilə qanunvericilik aktlarında nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir.
“ICESCO tarixi abidələrin bərpası və mühafizəsi işində yüksək texnologiyalardan, xüsusən süni intellektdən istifadənin əhəmiyyətini diqqətə çatdırır. Bu kontekstdə İslam dünyası irsinin interaktiv xəritəsinin tərtib edilməsi zəruri addımdır”, - deyə müraciətin sonunda vurğulanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə