CƏMİYYƏT
İcraçı direktor: “AnewZ” telekanalı indiyədək o qədər də çox eşidilməyən regionların səsini Bakıdan dünyaya çatdıracaq
Bakı, 6 noyabr, AZƏRTAC
Cari il noyabrın 4-dən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən “AnewZ” beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.
R.Həmzəyev bildirib ki, “AnewZ” TV siyasi, iqtisadi, mədəni və sosial sahələrdən operativ, dolğun xəbərlər, canlı yayımlar, tok-şoular, eksklüziv müsahibələr, sənədli filmlər təqdim edəcək: “AnewZ”ın proqram siyasətində məzmun rəngarəngliyi, həmçinin təmsil etdiyimiz regionun beynəlxalq münasibətlər sistemində əhəmiyyəti xüsusi vurğulanacaq, dünya ictimaiyyətinin buraya fərqli bucaqdan baxışı təmin olunacaq”.
O deyib ki, “AnewZ” beynəlxalq televiziya kanalının hazırda 12 bürosu fəaliyyət göstərir: “Bu, kifayət qədər ambisiyalı bir layihədir və genişlənməkdədir. “AnewZ”in fərqli üstünlüklərindən biri, regional xəbərləri qlobal səviyyədə təqdim etmək bacarığıdır.
R.Həmzəyev bildirib ki, “AnewZ” Qafqazın strateji mövqeyindən yararlanaraq Şərq və Qərb arasında əlaqə yaradır, bu unikal coğrafiyadan xəbər verir: “Bu kanal qabaqcıl texnologiya və müstəqil jurnalistika prinsiplərini tətbiq edərək bu regional baxışları obyektiv şəkildə çatdırmağa çalışacaq. Telekanal dünyanın ən önəmli üç regionundan biri sayılan bu ərazidə baş verən hadisələri geniş və obyektiv şəkildə təqdim edərək qlobal səviyyədə informasiya qıtlığını doldurmağı hədəfləyir”.