İcraçı direktor: Ümummilli Lider həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi VİDEO

Bakı, 18 mart, AZƏRTAC
Bizə məxsus olan ortaq dəyərlər- əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir. “Oğuz Kağan”, “Kitabi-Dədə Qorqud” dastanları, Füzuli poeziyası türkmanların mənəvi dünyasını əks etdirir, bugünkü birliyimizin təməlini qoyur. Bu ədəbiyyat təkcə ortaq keçmişimizin göstəricisi deyil, həm də ortaq gələcəyimizə mayakdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda söyləyib.
İcraçı direktor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev həmişə türkmanların Azərbaycanla olan tarixi bağlarına xüsusi önəm verirdi. Onun “Türkmanlar və Azərbaycan - bir bütövün parçalarıdır” fikri türkman icmalarının Azərbaycanla olan qırılmaz bağlarını bir daha vurğulayır.
İraq, Türkiyə, Suriya, İordaniya, Livan, Əfqanıstan və digər ölkələrdə yaşayan türkmanlar bir ağacın budaqlarıdır. Fərqli coğrafiyalarda, fərqli talelərini yaşasalar belə bu insanlar eyni mədəni, tarixi dəyərlərin daşıyıcılarıdır.
“Vətən müharibəsində qazanılan qətiyyətli Zəfərdən sonra Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı səviyyəsində səylərimizi davam etdirəcəyik, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” bəyanatı türk dövlətləri arasında münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, həm də vətəndaş cəmiyyətləri arasında inkişafına xüsusi təkan verdi”,- deyə A. Əliyeva əlavə edib.