Azərbaycan Dövlət İnformasiya Agentliyi

İCTİMAİ-SİYASİ XADİM, DÜNYA ŞÖHRƏTLİ ALİM

Musa Mirzə oğlu Əliyev-100

Elə dahi şəxsiyyətlər, qüdrətili simalar var ki, onlar mənsub olduqları xalqın, millətin, məmləkətin tarixini yuxusuz gecələri, enişli-yoxuşlu ömür yolları ilə yazır. Yüz il bundan öncə dünyaya gələn, gəlişi ilə məmləkətinin maarifçilik ideologiyasında yeni səhifələr yazan, Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Mirzə Kazım bəy kimi milli maarifçiliyin rüşeymlərini yaradan, çoxsaylı tədris və elm mərkəzlərinin təməlinin qoyulmasnda bilavasitə iştirak edən akademik Musa Mirzə oğlu Əliyev də həmin o tarixi şəxsiyyətlərdən, İlahinin millətimizə lütfü olan əvəzolunmazlardandır…

YUNESKO-nun Baş konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına uyğun olaraq, Azərbaycanla bağlı yubileylərin keçirilməsi haqqında qərar qəbul etmişdir. Bununla əlaqədar respublika Prezidenti cənab İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən məşhur geoloq alim, akademik Musa Əliyevin də 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində keçiriləcəkdir.

Düz on il bundan öncə biz akademik Musa Əliyevin BDU-da 90 illik yübileyini qeyd etdik. Yübiley ərəfəsində Faydalı qazıntılar muzeyi nəzdində “Musa Əliyev kabineti”nin təntənəli açılışı oldu. Kabinet mərhum akademikin vəsiyyətinə əsasən, onun zəngin kitabxanasının bazasında təşkil edilmişdi. Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını - ADNA) bitirən, uzun illər Geologiya İnstitutu ilə sıx təmasda işləyən və burada yaratdığı böyük bir şöbəyə rəhbərlik edən Musa Əliyevin kitabxanasını bu qurumlara deyil, bilavasitə BDU-ya vəsiyyət etməsi, mən deyərdim ki, rəmzi məna daşıyır və Musa müəllimin universitetə nə dərəcədə urəkdən bağlı olduğunu bir daha göstərir. Universitet kollektivi bunu böyük minnətdarlıq hissi ilə qəbul edir.

Akademik Musa Əliyev görkəmli ictimai və dövlət xadimi, bacarıqlı elm təşkilatçısı, məşhur neftçi-geoloq, dünya miqyaslı alim-stratiqraf idi. O, Qafqazın geologiyasının öyrənilməsində tanınmış alim, Tabaşir dövrünün stratiqrafiyası və paleontologiyasının araşdırılmasında öz dəst-xəttini qoymuş, böyük elmi məktəb yaratmış geoloq idi. Tabaşirin sistematikası və stratiqrafik cəhətdən yayılmasına, habelə paleontologiya, biostratiqrafiya və paleocoğrafiya məsələlərinə həsr olunmuş əsərləri alimi dünya geologiya elmində məşhur etmişdir. Onun elmi fəaliyyəti nəticəsində planetimizin keçmiş həyatı haqqında çox dəyərli məlumatlar əldə olunmuşdur. Bir çox geoloji-petroloji məsələlərə həsr edilmiş əsərləri ilə geniş elmi əhatə dairəsi və böyük erudisiyaya malik olduğunu göstərən Musa Əliyev regional geologiya, tektonika, petrologiya və elmi tarixi məsələlərini də dərindən bilirdi. Nəhayət, Musa Əliyev Azərbaycanda təhsil sisteminin ən fəal qurucularından biri, yüksək ixtisaslı geoloq kadrlar hazırlayan genişqəlbli, alicənab, gayğıkeş müəllim idi.

Musa Mirzə oğlu Əliyev 1908-ci il aprelin 11-də keçmiş Bakı quberniyasının Şamaxı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Hələ erkən yaşlarında anasını itirən və ana nəvazişindən məhrum olan Musa Mirzə oğlu ailəsi ilə Aşqabad şəhərinə köçür və 1926-cı ilə, orta məktəbi bitirənə qədər orada yaşayır. Elə həmin il Bakıya qayıdır, imtahan verib Azərbaycan Politexnik İnstitutuna (indiki ADNA) daxil olur və 1931-ci ildə geoloji-kəşfiyyat ixtisası üzrə oranı bitirir. Tələbə ikən əmək fəaliyyətinə başlayır, 1928-1929-cu illərdə Suraxanı qazma kontorunda xronometrajçı, 1929-1930-cu illərdə təhsil aldığı institutun paleontologiya kafedrasının laborantı, 1930-1931-ci illərdə Azərneftdə tələbə-kontraktant kimi işləyir. 1931-ci ildə institutu bitirdikdən sonra burada paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası kafedrasının aspiranturasına qəbul edilir və kafedrada assistent saxlanılır.

Musa Mirzə oğlunun geoloji tədqiqatları hələ tələbəlik illərindən başlamışdı. Bunun nəticəsidir ki, müstəqil fəaliyyətinin hələ ilk illərində o, Azərbaycanın hazırlıqlı və öndə gedən geoloqları sırasına çıxır. Bu illərdə o, Talış dağlarının geoloji quruluşunu öyrənir, regional xüsusiyyətli tədqiqatlar apararaq geoloji xəritə, stratiqrafik və tektonik sxemlər tərtib edir.

1931-1938-ci illərdə o, Azərbaycan Geologiya İdarəsində müxtəlif geoloji partiyaların baş geoloqu və rəis kimi fəaliyyət göstərir. Hazırda Geologiya departamentinin fondunda Musa Əliyevin 10-dan artıq dəyərli, vaxtilə “məxfi” qrifi ilə qedən hesabatları saxlanılır. Musa Əliyev insan üçün ən dəyərli faydalı qazıntı hesab edilən təbii içməli (şirin) su problemləri, habelə qızıl və neft-qaz yataqlarının axtarışı ilə məşğul olmuşdur. Bu hesabatların yalnız bir neçəsinin adını çəkməklə onun apardığı geoloji axtarışların nə qədər əhəmiyyətli olduğunu demək olar: “Bakı şəhərinin su təminatı ilə bağlı Qusarçay hövzəsinin geoloji quruluşunun öyrənilməsi” (1932-ci il), “Tərtər çayında tikilən su elektrik stansiyasının geoloji quruluşuna dair” (1934-cü il), “Kiçik Qafqazın Azərbaycan hissəsi çaylarının qızıllığı” (1935-ci il) və sair.

Musa Əliyev 1934-cü ildə Kiçik Qafqazın şimal-şərq yamacının çay hövzələrində şlixyuma - axtarış işləri apararaq, bu çaylarda səpinti qızıl toplantılarını aşkar edir. Aparılan işin tətbiqi əhəmiyyəti çox böyük idi, çünki çay vadiləri mənbədən mənsəbə, Şahdağ suayrıcından Kür çayına qədər, başlıca çayların qollarını əhatə edərək öyrənilmişdi. Musa Əliyevin apardığı iş təsdiqlədi ki, səpinti qızıl dənələri Kür çayına qədər davam edir. Bu tədqiqatın əhəmiyyəti bir də ona görə böyükdür ki, öyrənilən qızıl səpintiləri hesabına xeyli sonralar bu nəcib metalın bir sıra yataqlarını aşkar etmək mümkün oldu. Xüsusən son illər kəşf edilmiş və hazırda Qafqazda ən iri köklü qızıl yataqlarından biri hesab edilən Çovdar və Kürəkçay səpinti qızıl yataqları da vardır.

Uzun illər keçəndən sonra Moskvada yaşayan Musa Əliyev 70-ci illərin sonunda Bakıda olarkən Azərbaycan Geologiya İdarəsinin işi ilə maraqlanır, Böyük Qafqazın cənub yamacında böyük hündürlikdə yerləşmiş nadir Filizçay kolçedan-polimetal yatağına gedir, yerli geoloqlara dəyərli məsləhətlər verir. Musa Əliyev sanki 1930-cu illərə yenidən qayıdır və vaxtilə bu ərazidə digər məşhur geoloq, akademik Şamil Əzizbəyovla işlədiyini bildirir. Məlumdur ki, bu iki görkəmli geoloq - Akademiyanın təsisçilərindən biri olan Şamil Əzizbəyov və bu elm məbədinin 8 il prezidenti işləmiş Musa Əliyev apardıqları geoloji işlər nəticəsində müştərək şəkildə “Laqodexi-Axalsopeli” əsərini çap etdirmişdilər. Təbii ki, yerli geoloqlar alimin bu əsəri ilə yaxşı tanış idilər.

Musa Əliyev qəlbən Geologiya İdarəsi ilə bağlı idi. Bu idarənin baş mühəndisi (1938-1939-cu illər) və rəisi (1943-1944-cu illər) işlədiyi çox mürəkkəb, çətin bir dövrdə o, əsl vətəndaşlıq qeyrəti ilə, çəkinmədən, cəsarətlə milli kadrları rəhbər vəzifələrə irəli çəkirdi. O zamanlar buna nail olmaq həddən ziyadə çətin idi. Mövzudan bir qədər kənara çıxmaq istərdim. O illər Geologiya İdarəsində Musa Əliyevlə bir yerdə işləyən mərhum professor Səttar Süleymanov onun nə çür çətin bir mühitdə işlədiyini dönə-dönə söyləyirdi. Dalakyanlar, Laçinyanlar hər vəchlə onun işinə mane olmağa çalışırdılar. Çox sonralar, Geoloji fondun Tbilisi şəhərinə vahid Zaqafqaziya geoloji fondu yaratmaq adı ilə köçürülmə məsələsi qalxanda da, artıq Nazirlər Kabinetində işləyən Musa Əliyev bunun erməni fitnəkarlığı olduğunu dərhal dərk etmiş və obrazlı desək, bu “düşmən təşəbbüsünün” qarşısını ala bilmişdi. Təsəvvür edin ki, ixtiyarı bir geoloji iş aparmaq üçün digər şəhərə gedib min bir əziyyətlə fond materialları ilə tanış olmaq nə cür çətinlik törədəcəkdi. Bu, faktik olaraq, Azərbaycanda praktik və elmi cəhətdən geoloji işlərin aparılmasını iflic vəziyyətinə salmaq demək idi. Ümumiyyətlə, Musa Əliyevin millət sevgisi, əsl vətəndaşlıq qeyrəti onun bütün həyat və yaradıcılığından qırmızı xətlə keçir. Heç şübhəsiz, 1918-ci ilin mart hadisələri, erməni daşnaklarının Bakıda, Şamaxıda və digər yerlərdə törətdikləri vəhşiliklər uşaq yaşlarından Musa Əliyevin yaddaşına yazılmışdı. Ağsaqqal akademik, uzun illər Azərbaycan Dövlət Neft Akademiyasının rektoru işləmiş İsmayil İbrahimov xatirələrinin birində yazır ki, 1940-cı ildə 32 yaşlı Musa Əliyev Sənaye İnstitutunda rektor işlədiyi müddətdə institutun 20 illik yubileyi keçirilir. O zaman institut müəllimlərinin təxminən 25-30 faizi azərbaycanlı olduğu halda, Musa Əliyevin təqdimatı ilə təltif olunanların 70 faizini onlar təşkil edirdi.

Dünya geologiya elmi tarixində özünəməxsus iz qoyub getmiş Musa Əliyevin həyatının Moskva və xüsusən Əlcəzair mərhələsində də azərbaycanlı geoloqlarla sıx təmasda keçmişdi. 1936-cı ildə o, Kiçik Qafqazın tabaşir çöküntülərinin inoseramlarına həsr edilmiş çox qiymətli əsərini namizədlik dissertasiyası kimi müdafiə edir. Ağstafadan Tərtərə qədər ərazini əhatə edən bir sahədə elmi tədqiqat işləri aparan alim, ilk dəfə olaraq, Gəncə zonasında aşağı tabaşir çöküntülərini müəyyən edir, ayrı-ayrı süxur komplekslərinin paleontoloji təyinatlara əsaslanmış dəqiq stratiqrafik bölgüsünü verir. Kiçik Qafqazda Alt tabaşirin müəyyən edilməsi sonralar bu ərazinin geoloji cəhətdən öyrənilməsində böyük rol oynadı və göstərdi ki, Azərbaycanda Alt tabaşir regional şəkildə yayılmışdır. Qeyd etmək istərdim ki, 28 yaşlı alim bu əsəri ilə çox mürəkkəb paleontoloji məsələləri tənqidi şəkildə təhliletmə bacarığını məharətlə göstərə bilmişdi. Bu, Azərbaycanda paleontologiyaya həsr edilmiş ilk dissertasiya işi idi. Hazırda da bu tədqiqat Kiçik Qafqazın tabaşir çöküntülərini öyrənən geoloqlar üçün mühüm mənbə hesab edilir. Onun elmi və təcrübi əhəmiyyətini qeyd etməmək olmaz. İnoseramlardan başqa, Musa Əliyev Yuxarı tabaşir üçün paleontoloji təyinatlarla əsaslandırılmış stratiqrafik ardıcıllığı müəyyən etməyə nail olur, bu şöbə üçün rəhbər forma hesab edilən assosiasiyanın faunalarını bütünlüklə öyrənir. Heç şübhəsiz, belə yanaşma sonralar geoloji xəritələmə işlərində və xüsusən faydalı qazıntıların səmərəli proqnozlaşdırılmasında böyük rol oynadı. Musa Əliyev 1957-ci ildə böyük faktiki material əsasında “Azərbaycanın tabaşir çöküntüləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və Azərbaycanın tabaşiri üçün yeniləşdirilmiş daha dəqiq stratiqrafik sxem təklif edir.

Göründüyü kimi, tabaşir çöküntülərinin öyrənilməsində akademik Musa Əliyevin xidməti böyük olmuşdur. Kiçik Qafqazın şimal-şərq yamacının yuxarı tabaşir çöküntülərinin səciyyəsi və bu ərazinin fauna ilə əsaslandırılmış stratiqrafik sxemi “Kiçik Qafqazın şimal-şərqinin tabaşir çöküntüləri” monoqrafiyasında, Böyük Qafqazın cənub-şərqinin paleontoloji cəhətdən əsaslandırılmış stratiqrafik sxemi isə alimin “Azərbaycanın tabaşir çöküntüləri” kitabında öz əksini tapmışdır. Tabaşir çöküntülərinin əsaslandırılmış dəqiq stratiqrafik bölgüsində inoseramların əhəmiyyəti alimin 1958-ci ildə Meksikada keçirilən XX Beynəlxalq Geoloji konqresdə “SSRİ-nin tabaşir çöküntülərinin inoseramları” adlı məruzəsində öz əksini tapmışdır.

Musa Əliyev çox ciddi münasibət tələb edən məsul vəzifələrdə - Azərbaycan Sənaye İnstitutunun dekanı (1937-1938), Azərbaycan Geologiya İdarəsinin rəis müavini-baş mühəndisi (1938-1939), Sənaye İnstitutunun tədris işləri üzrə prorektoru (1939-1940), rektoru (1940-1941), Moskvada, SSRİ Neft Sənayesi Nazirliyi Ali məktəbləri Baş idarəsinin rəisi (Moskva 1941-1942), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı (1942-1943), Ali və orta ixtisas məktəbləri şöbəsinin müdiri (1944-1946), MK katibi (1946-1947), Geologiya İdarəsinin rəisi (1943-1944), Nazirlər Kabineti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1947-1950) vəzifələrində çalışanda da yer elmləri ilə bağlı olan məsələlərdən kənarda qalmırdı.

Musa Əliyev 1950-ci ilin martında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və həmin vaxtdan etibarən onun prezidenti seçilmişdi.

Müasirlərindən birinin söylədiyinə görə, vaxtına həddən artıq qənaətlə yanaşan Musa Əliyev akademiyaının Rəyasət heyətinin iclaslarının hazırlanmasına ciddi fikir verər, gündəlikdəki məsələlərin müzakirəsini əməli şəkildə keçirmək üçün əvvəlcədən onların annotasiyalı formasını hazırlatdırar və bu, Rəyasət heyətinin üzvlərinə paylanardı. Beləliklə, o, müzakirə edilən məsələnin hərtərəfli təhlilinə və düzgün qərar qəbul edilməsinə nail olurdu.

Azərbaycan Elmlər Akademiyasına 8 il rəhbərlik etmiş Musa Mirzə oğlu bacarıqlı elm təşkilatçısı kimi xeyli iş görməyə imkan tapdı. “Akademiya şəhərciyi”nin yaradılmasında Musa müəllimin müstəsna xidməti olmuşdur. Hazırda müvəffəqiyyətlə fəaliyyət göstərən və 2009-cu ildə 50 illiyini qeyd edəcəyimiz Şamaxı Astrofizika Rəsədxanasının yaranma məsələsi, Akademiyanın Rəyasət heyətinin nəzdində Astrofizika bölməsinin (1956) və onun daimi astrofizika ekspedisiyasının (1953) yaradılması da akademik Musa Əliyevin adı ilə bağlıdır.

Musa Əliyev akademiyanın prezidenti vəzifəsindən getdikdən sonra akademik Yusif Məmmədəliyev Astrofizika Rəsədxanasının yaradılması işlərini davam etdirdi və 1959-cu ildə Pirquluda Şamaxı Astrofizika Rəsədxanası fəaliyyətə başladı. Beləliklə, XIII əsrdə Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası kimi məşhur elmi mərkəzdən sonra Azərbaycanda ikinci dəfə Şamaxıda rəsədxana fəaliyyət göstərməyə başladı.

Akademiyanın prezidenti işlədiyi müddətdə Musa Mirzə oğlunun baş redaktorluğu altında 7 cildlik “Azərbaycanın geologiyası” monumental əsər çap olunur. Geologiya İnstitutunda “Mezozoyun paleontologiyası və biostratiqrafiyası” laboratoriyasını təşkil edir (1951), BDU-da Paleontologiya və tarixi geologiya kafedrasını yaradır (1957).

Həmin dövrdə Musa Əliyevin ən böyük xidmətlərindən biri elmlər doktorları və namizədlərinin hazırlanması olmuşdur. Elmin müxtəlif sahələrində fərqlənən kadrları sərraf gözü ilə seçərək Moskvaya, Sankt-Peterburqda və keçmiş İttifaqın digər iri elmi mərkəzlərinə göndərən Musa Əliyev onların gələcək inkişafını da nəzərdən qaçırmırdı. Hazırda elmimizin korifeyləri hesab edilən akademiklərdən Budaq Budaqov, Asəf Nadirov, Cəmil Quliyev, Musa Musayev, haqq dünyasına qovuşmuş Əliəşrəf Məmmədov, Səttar Əsədov, AMEA-nın müxbir üzv Niyazi Səmədov və bir çox başqalarının sonralar görkəmli alim kimi formalaşmalarında, heç şübhəsiz, Musa Əliyevin böyük xidməti olmuşdur.

Musa Əliyev 1958-ci ilə, Moskva şəhərinə yeni vəzifəyə - SSRİ Neft Sənayesi Nazirliyinin Geologiya və Yanar Qazıntılar institutuna elmi işlər üzrə direktor müavini təyin edilənə qədər Akademiyanın prezidenti vəzifəsində çalışmışdır.

Həmin institut keçmiş İttifaqda yanar faydalı qazıntılarla məşğul olan baş elmi mərkəz hesab edilirdi, müttəfiq respublikalarda neft-qaz sahəsində aparılan elmi tədqiqat işlərinin planları bilavasitə bu institutla razılaşdırılırdı. İnstitut nəinki SSRİ-nin ayrı-ayrı regionlarında, habelə xarici ölkələrdə, xüsusən Afrikada və Cənubi-Şərqi Asiyada müvəffəqiyyətlə elmi və praktik işlər aparırdı. Bu səbəbdən Musa Əliyevin elmi yaradıcılıq fəaliyyətinin Moskva mərhələsi də ayrıca qeyd edilməlidir. O, Qafqazın neftli-qazlı əyalətlərinin öyrənilməsi mövzusunu ön plana çəkir, Şərqi Avropa platforması və ona bitişik qırışıqlıq vilayətinin cənub regionlarının geoloji quruluşuna həsr olunmuş geniş müşavirələr, konfranslar (Ufa, Daşkənd, Volqoqrad, Qroznı) təşkil edir və ən əsası neft-qaz yataqlarının axtarışında stratiqrafik təminat xarakterli vacib sənədlərin qəbul edilməsinə nail olur.

İnstitutda direktor müavini işləməklə yanaşı, Musa Əliyev «SSRİ-nin neftli-qazlı vilayətlərinin stratiqrafik tədqiqatları» laboratoriyasını yaradır, burada Kembriyəqədərki dövrdən başlayaraq, Yuxarı təbaşir də daxil olmaqla, ən yeni üsullarla keçmiş İttifaqın başlıca neftli-qazlı vilayətlərində biostratiqrafik tədqiqatlar aparır və mühüm elmi-praktik nəticələr əldə edir.

Akademik Musa Əliyevin elmi-təşkilatçılıq fəaliyyətinin müəyyən bir hissəsi də Əlcəzair Respublikası ilə bağlı olmuşdur. O, Əlcəzairdə neft-qaz yataqlarının axtarışı və proqnozlaşdırılması ilə bağlı SONATRAK Dövlət Birliyi ilə bağlanılmış iri müqaviləyə rəhbərlik edirdi. Müqaviləyə qeyri-rus millətindən olan bir nəfərin, xüsusən azərbaycanlının rəhbərlik etməsi özlüyündə fövqəl hadisə idi və Musa Əliyevin mütəxəssis-alim kimi nə dərəcədə böyük hörmət sahibi olduğunu göstərirdi. Onu da qeyd etmək istərdim ki, keçən əsrin 60-cı illərində Şimali Afrikanın geologiyası və neft-qazlılığı istər elmi, istərsə də praktik cəhətdən İttifaqda böyük maraq doğururdu. Bu, keçmiş SSRİ-nin həmin regionun ölkələri ilə təkcə iqtisadi əlaqələrinin genişlənməsi ilə bağlı olmayıb, həm də siyasi maraqlarından xəbər verirdi. O zaman müstəqilliyinin ilk addımlarını atan Əlcəzair dövləti üçün müxtəlif faydalı qazıntıların və ilk növbədə, neft-qaz yataqlarının axtarışının böyük əhəmiyyəti vardı. Şimali Afrika regionuna belə bir diqqət geoloji baxımdan da maraqlı idi. Burada, Aralıq dənizi sahilinin nisbətən ensiz zolaq şəklində uzanan və geoloji quruluşuna görə çox maraqlı hesab edilən bir regionunda, şimaldan cənuba doğru bir-birini əvəzləyən alp yaşlı Rifotel qırışıqlıq vilayəti, Oran və Mərakeş Mesetinin tərkibinə daxil olan epihersin platforması, onun aktivləşmiş hissəsində Atlas qırışıqlıq vilayəti və Kembriyəqədərki Əlcəzair Böyük Səhrası yerləşmişdir. Musa Əliyevin apardığı işlərə qədər Şimali Afrika regionu və xüsusən Əlcəzair Atlasları haqqında mövcud geoloji ədəbiyyat, əsasən, fransız dilində idi. Bu əsərlərdə stratiqrafiya, tektonika, litologiya və petroqrafiyanın ayrı-ayrı məsələləri kifayət qədər dəqiqliklə araşdırılsa da, Atlas qırışıqlıq sisteminə həsr olunmuş tam, kompleks tədqiqat işləri aparılmamışdı. Bu isə neft-qaz yataqlarının axtarışına ciddi maneçilik törədirdi. Baxmayaraq ki, Əlcəzair Atlasları neft, qaz, bitum təzahürlərini və ümumiyyətlə, yüksək miqdarda singenetik üzvi birləşmələr saxlayan süxurların geniş inkişafı ilə səciyyələnirdi. Burada son 20 ildə, akademik Musa Əliyevin apardığı işlərə qədər irihəcmli geoloji, geofiziki, buruq-qazma işlərinin aparılmasına baxmayaraq yalnız, kiçik miqyaslı 2 neft yatağı aşkar edilmişdi. Bax, belə bir vaxtda müqaviləyə rəhbərlik Musa Əliyevə həvalə olunmuşdu. İşin maraqlı və ilk baxışdan nəzərə çarpmayan digər bir cəhəti də var idi: Əlcəzair rəhbərliyi bu ölkədə çoxdan məskən salmış fransız geoloqlarına qonşu ərazidə işləməyi həvalə etmişdi. Yerli hökumət özünün bu addımı ilə sanki hansı ölkənin mütəxəssislərinin - şuravilərin və yaxud fransızların yaxşı işləməsini yoxlamaq məqsədi güdürdü. Əlcəzairdə işləyən çoxsaylı azərbaycanlı həmkarlarım və digər ölkələrdən olan sənət sahibləri ilə söhbətim zamanı bu xüsusiyyətin Əlcəzair hökumətinə ümumiyyətlə xas olmasını dəfələrlə söyləmişdilər. Təbii ki, daxilən intizamlı, özünə qarşı tələbkar olan akademik Musa Əliyev öhdəsinə götürdüyü bu işin nə dərəcədə məsuliyyətli olduğunu dərk etməyə bilməzdi. Böyük həyat təcrübəsi, əvəzedilməz təşkilatçılıq qabilliyəti və şəxsi keyfiyyətləri Musa Əliyevə qısa müddət ərzində bütün səviyyələrdə Əlcəzair mütəxəssisləri və dövlət rəhbərləri ilə işgüzar əlaqə yaratmağa imkan verdi. Həyatının bu kəsiyində onun gündəlik fəaliyyəti yalnız bir məqsədə - Əlcəzairlə keçmiş SSRİ arasında neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və istismarı sahəsində əməkdaşlığın genişlənməsinə istiqamətlənmişdi. Qısa müddət ərzində Musa Əliyev o qədər hörmət qazanmışdı ki, SSRİ-nin Əlcəzairdəki səfirliyinin rəhbər işçiləri ortaya çıxan bəzi mürəkkəb məsələlərin həllində kömək üçün ona müraciət etməli olurdular. O zaman Əlcəzairdə çalışan həmkarlarımdan birinə istinadən bildirim ki, 1970-ci ilin ortalarında Musa Əliyev müqavilənin qrup rəhbərləri ilə birlikdə Əlcəzair Prezidenti Huari Bumedyenin qəbuluna dəvət olunur. Əlcəzairin neft-qaz sənayesinin inkişafı barədə söhbət zamanı Prezidentin: Cənab Əliyev, sizin proqnozlar realdırmı? - sualına Musa Əliyev qətiyyətlə müsbət cavab verir.

Bir qədər sonralar Əlcəzair Atlaslarında - Mərkəzi Atlas, Şərqi Atlas, Cənubi Tel və Qərbi Tel coğrafi zonalarında eyniadlı 4 neft-qazlı hövzənin aşkar edilməsi Musa Əliyevin verdiyi proqnozun elmi cəhətdən nə qədər əsaslandırılmış olduğunu göstərdi.

Elmi yaradıcılıq fəaliyyətinin Əlcəzair mərhələsi ilə alimin rus, fransız, ingilis dillərində çap etdirdiyi «Əlcəzair Böyük Səhrasının geologiyası və neft-qazlılığı» (1971), «Əlcəzair Atlaslarının geologiyası və neft-qazlılığı», «Şimali Afrikanın, Yaxın və Orta Şərqin geologiyası və neft-qazlılığı» (1979) monoqrafiyaları bağlıdır.

Musa Əliyev peşəkar müəllimlik keyfiyyətinə malik olan nurlu bir insan idi. O, bu sənəti sevirdi və hələ gənc yaşlarından müəllimlik fəaliyyəti ilə məşğul olurdu. 1931-37-cı illərdə Sənaye İnstitutunda assistent, dosent, 1941-ci ildə Moskva Neft İnstitutunda dosent, 1942-1948-ci illərdə yenə də Sənaye İnstitutunda əvəzçilik yolu ilə dosent vəzifəsində çalışaraq, paleontologiya və tarixi geologiya fənlərini tədris edirdi. 1951-ci ilin sentyabrında Azərbaycan Dövlət Universitetinin neft və qaz yataqlarının geologiyası kafedrasına müdir seçilmişdi. Daha sonra paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası kafedrasını yaradaraq, 1957-ci ilə qədər ona rəhbərlik etmişdi. Öz vəsaiti hesabına kafedraya zəngin fauna və flora kolleksiyası aldırır, onları özü sifariş verdiyi vitrinlərdə yerləşdirir, kafedranı müxtəlif əyani vəsaitlərlə təmin etdirir, bacarıqlı cavan kadrları işə qəbul edirdi.

Akademik Musa Əliyev böyük elmi məktəb yaratmışdır. Onun rəhbərliyi altında 50-ə yaxın elmlər doktoru və namizədi hazırlanmışdır. 250 elmi əsərin, o cümlədən 20-ə yaxın monoqrafiyanın müəllifidir. Alimin bilavasitə iştirakı və redaktorluğu ilə müxtəlif miqyaslı xəritələr, o cümlədən Azərbaycanın geoloji xəritəsi çap olunmuşdur.

Akademik Musa Əliyevin elmi fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, bir neçə çağırış SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Dövlət mükafatı laureatı, fəxri neftçi adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

Bütün bunlar bir daha sübut edir ki, biz dahi şəxsiyyətlərimizdən zaman və məsafəcə, cismən uzaqlaşdıqca onların nurunu, işığını daha yaxşı hiss və dərk etməyə məcbur oluruq. Musa müəllim özünün genişmiqyaslı və çoxşaxəli fəaliyyəti ilə vaxtı, zamanı qabaqlamaqla yanaşı, həm də onun fövqündə dayanmağı bacardı. Bəşər elminə töhfələr verdiyi kimi, milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində də nəhəng işlər gördü.

100 il bundan öncə dünyaya gələn, gəlişi ilə doğmalarına bir aləm sevinc bəxş edən bu böyük alim gedişi ilə də öz dahiliyini sübut etmiş oldu. YUNESKO səviyyəsində qeyd olunan 100 illik yubileyi ilə Azərbaycan xalqının gücünü, qüdrətini, intellektual potensialını dünyaya nümayiş etdirən Musa müəllimin xoşbəxtliyi təkcə onda deyil ki, o, böyük alim, ictimai xadim, müəllim və dövlət adamı, elm-tədris təşkilatçısı idi. Çoxsaylı monoqrafiyaları, kitabları, dərslikləri, dərs vəsaitləri, yetirmələri ilə zamanında dünya şöhrəti qazanan bu böyük alim indi, bir vaxtlar ruhunu, duyğusunu köçürdüyü yetirmələrinin, ruhunun və cisminin davamçısı olan övladlarının, nəvələrinin fəaliyyətində, uğurlarında yaşayır.

Nuha, Süleymana qalmayan dünyada hər kəs öz əməli, əməlinin aynası olan amalı ilə yaşayır. Musa müəllim eniş-yoxuşlu, repressiyalardan, müharibələrdən keçən şərəfli ömür yolu ilə özünün əbədiyyət dastanını yazdı. Yüz illər bundan sonra belə oxunacaq, oxunduqca da ona şərəf gətirəcək bir dastan…

Onu tanıyan, şəxsiyyətinə, elmi-pedaqoji fəaliyyətinə, milli vətənpərvərlik hisslərinə ehtiram bəsləyən bir ziyalı kimi qarşısında baş əyir, Tanrıdan ona rəhmət diləyirəm!

Vasif BABAZADƏ

Bakı Dövlət Universitetinin faydalı qazıntılar

kafedrasının müdiri, AMEA-nın

müxbir üzvü, Dövlət mükafatı laureatı,

əməkdar elm xadimi, professor

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb