İDMAN
İdmançılarımız gənc cüdo üzrə dünya birinciliyində iştirak edəcəklər
Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 23-dən 27-dək Sloveniyanın paytaxtı Lyublyanada gənc cüdoçular arasında dünya birinciliyi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi cüdo üzrə milli komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədovun rəhbərliyi altında on idmançıdan ibarət heyət təmsil edəcəkdir.
Heyətdə Mehman Sadıqov, Davud Məmmədov (hər ikisi - 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfarli, Hüseyn Rəhimli (73 kq), Abdulhaqq Rəsullu, Məmmədəli Mehdiyev (81 kq) və Firudin Dadaşov (90 kq) yer almışlar.
H.Hacıəhmədov çempionat ərəfəsində bildirmişdir ki, bu yarışda hədəf avqustda ABŞ-ın Mayami şəhərində təşkil olunmuş birincilikdə yeniyetmələrimizin göstərdiyi uğuru Sloveniyada bir daha təkrarlamaqdır.
ABŞ-da idmançımız Natiq Qurbanlı (50 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan cüdosunda ilk çempion kimi tarixə düşmüşdür.