CƏMİYYƏT
İdxal edilən kartof məhsulu partiyalarında karantin tətbiq olunan zərərli orqanizm aşkarlanıb

Bakı, 21 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal edilən qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il sentyabrın 14-ü və oktyabrın 6-da Rusiya Federasiyasından idxal olunmuş toxumluq və ərzaqlıq kartof məhsulu partiyaları üzərində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində 16 halda karantin tətbiq olunan zərərli orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.
İstifadəyə yararsız toxumluq və ərzaqlıq kartof məhsulu partiyalarının məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Eyni zamanda müvafiq araşdırma aparılması və nəzarət tədbirlərinin artırılması məqsədilə Rusiya Federasiyasına məktub göndərilib, fiziki şəxslər Mahmudov Rafael Niyazi oğlu, Qurbanov Tahir Abdusalamoviç, Sovzixanov Nurdin Sovzixanoviç və “OOO AA Treyd İmport” tərəfindən ixrac olunan toxumluq və ərzaqlıq kartof məhsullarının ölkə ərazisinə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.