CƏMİYYƏT
İƏT-in Mərkəz direktoru: Azərbaycan və Türkiyə ailə ilə bağlı eyni dəyərlərə malikdir
Bakı, 9 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçukla görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, İƏT ilə Azərbaycan arasındakı mövcud sıx əlaqələrin bundan sonra da gücləndirilməsi istiqamətində səylərin vacibliyini qeyd edən Bahar Muradova, həmçinin Mərkəz tərəfindən həyata keçirilən genişmiqyaslı layihələri yüksək qiymətləndirib.
İslam ölkələrində ailə institutunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi sahəsində əldə olunan nailiyyətlərə diqqət çəkən Komitə sədri bu uğurların təşkilata üzv ölkələrin və xalqların həyatı üçün vacibliyini qeyd edib.
Komitə sədri vurğulayıb ki, bu cür görüşlərdə müxtəlif sahələrdə maraqların yaxınlığına əsaslanan hərtərəfli əlaqələrin inkişaf etdirilməsi və daha sistemli fəaliyyət göstərilməsi baxımından iki qurum arasında İş Planının qəbul edilməsi işçi qrupların yaradılması baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, həmçinin digər türk dövlətlərinin müvafiq Nazirlikləri ilə Dövlət Komitəsi arasındakı sıx əməkdaşlıq barədə danışan B.Muradova, bu qarşılıqlı fəaliyyətin həm Türk Dövlətləri Təşkilatını daxilən möhkəmləndirdiyini, həm də İslam Əməkdaşlıq Təşkilatının sözügedən istiqamətdə fəaliyyəti ilə üst-üstə düşdüyünü bildirib.
Ölkədə fəaliyyət göstərən qurum və təşkilatlarla əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ailələrin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması, biznes subyektlərinin yaradılması, ailələrin məşğulluğunun təmin edilməsi kimi işlərin həyata keçirildiyini qeyd edən B.Muradova, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsini də yüksək qiymətləndirib.
SESRIC-in baş direktoru Zehra Zümrüt Selçuk qardaş ölkə Azərbaycan ilə keçmişdən bu günə çox gözəl və faydalı əlaqələrin mövcud olduğunu vurğulayıb. O, təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib.
Xüsusilə də statistik araşdırmalar və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran direktor qadın və uşaqların pontensialının gücləndirilməsi üçün təlimlərin və kursların təşkil edildiyini, nəticələrə dair hesabatların hazırlandığını bildirib.
Azərbaycanın və Türkiyənin ailə ilə bağlı eyni dəyərlərə malik olduğunu vurğulayan SESRIC rəsmisi qeyd edib ki, dünyada baş verən hadisələr fonunda ailə kimliyinə önəm verilməsi və əhəmiyyətinin önə çıxarılması bu gün çox vacib məsələdir.
Görüş Dövlət Komitəsi ilə İƏT-in İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırmalar və Tədris Mərkəzinin gələcək əməkdaşlığı çərçivəsində həyata keçiriləcək tədbir və layihələrin müzakirəsi ilə davam edib.