REGİONLAR
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncədə faktaraşdırıcı missiya həyata keçirib - FOTO YENİLƏNİB
Gəncə, 4 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərində həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətinin üzvləri müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olublar.
Nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərərçəkmiş sakinlərlə görüşüblər. Qonaqlara İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə mülki əhaliyə qarşı törədilmiş, çoxsaylı insan itkisi və ciddi dağıntılarla nəticələnən müharibə cinayətləri barədə məlumat verilib.
Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində zərər dəymiş “İmamzadə” ziyarətgah kompleksində monitorinq aparıblar.
Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
10:14
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində Ə.Rəfibəyli küçəsini, “Qələbə” parkının yaxınlığında dağılan ərazini ziyarət edib, həlak olan dinc sakinlərin xatirəsini anıblar.
Qonaqlara 2020-ci ilin oktyabrında Ermənistanın Gəncədə dinc sakinləri hədəf alan terror aktları barədə məlumat verilib. Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan - “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə atəşə tutub. Bu hücumların həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.
Qeyd olunub ki, 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.
Nümayəndə heyətinin "İmamzadə" ziyarətgah dini kompleksini də ziyarət etməsi nəzərdə tutulur.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.
Qeyd edək ki, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ötən gün Füzuli və Ağdam rayonlarında da olub.