İDMAN
İFFHS XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısını açıqlamışdır
Bakı, 10 iyul (AZƏRTAC). Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısını açıqlamışdır.
AZƏRTAC xəbər verir ki, yığma və klub səviyyəsində beynəlxalq oyunlarda ən məhsuldar futbolçuların siyahısına Didye Droqba başçılıq edir. Kot- d`İvuar yığmasının 34 yaşlı kapitanı “Marsel” və “Çelsi”nin heyətində 100 qol vurmuşdur.
D.Droqbanın ən yaxın izləyicisi almaniyalı həmyaşıdı Miroslav Klozedir. O, Almaniya millisində 64, 4 klubun – “Kayzerslautern”, “Verder”, “Bavariya” və “Latsio”nun heyətində 26 dəfə fərqlənmişdir.
Son illərdə dünyanın ən yaxşı futbolçuları, bombardirləri olan argentinalı Lionel Messi ilə portuqaliyalı Kriştianu Ronaldo siyahıda müvafiq olaraq 6-cı və 9-dur. Messi yığmada 28, “Barselona”da 56 qolla ümumilikdə 84 dəfə rəqib qapısına yol tapmışdır. Ronaldo isə 76 qol vurub ki, bunun 36-sı millidə, 40-ı “Mançester Yunayted” və “Real”da olmuşdur.