II ÜMUMRESPUBLİKA BƏDİİ QİRAƏT MÜSABİQƏSİNİN MÜKAFATÇILARI MƏLUMDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ağdaş rayon mədəniyyət evində H.Cavidin 125 illik yubileyinə həsr olunmuş “Deyilən söz yadigardır” adlı II Ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulmuşdur.
Üç gün davam etmiş müsabiqə iki seçim turundan və final mərhələsindən ibarət olmuşdur. Müsabiqədə səlis danışıq qabiliyyəti olan, natiqlik məharəti və səhnə davranışı ilə fərqlənən, gözəl nitqlə mənsur şeirlər, bayatılar, qəzəllər, laylalar, aşıq seirləri, hekayələr, romanlardan parçalar söyləyən 18-30 yaşlı gənclər iştirak etmişlər.
Müsabiqədə 40 şəhər və rayondan 100-ə yaxın gənc iştirak etmişdir. Onların istedadını Mədəniyyət və Turizm Nazirliyinin, dövlət teatrlarının, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirmişdir. Seçim turlarından sonra finala 7 nəfər çıxmışdır. Birinci yeri tutan olmamışdır. Niyaz Qasımov (Bakı) ikinci, Elşad Əhmədov (Gəncə) üçüncü yeri tutmuşlar. Türanə Bəkirli (Ağdaş), Ruhiyyə Yəhyayeva (Bakı) və Nəzirə Babayeva (Qazax) həvəsləndirici mükafata layiq görülmüşlər. Sona Həsənova (Bakı) isə Ağdaş rayon mədəniyyət və turizm şöbəsinin diplomunu və 100 manat pul mükafatını almışdır.
Mükafatlar gələn ay Mədəniyyət və Turizm Nazirliyində təqdim olunacaqdır. Qeyd edək ki, ikinci yeri tutana 300 manat və diplom, üçüncü yerə çıxana 250 manat və diplom veriləcəkdir. Həvəsləndirici mükafat isə 100 manatdan və diplomdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [17:52]
Bakı və Sumqayıtda attestasiya proqramı çərçivəsində görüşlər davam edir
- 23.05.2025 [17:37]
Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib
- 23.05.2025 [11:41]