ELM VƏ TƏHSİL
İİB-də işləyən azərbaycanlı iqtisadçı: Alimlərimiz təkcə elm deyil, digər sahələrdə də töhfələrini verə bilərlər
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu Forum çox özəl bir tədbirdir. Çünki bu gün burada müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlər ilk dəfə görüşür, danışır və fikir mübadiləsi aparırlar. Bu, unikal təşəbbüsdür. Forumun təşkilinə görə dövlətimizə təşəkkür edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun 2-ci günündə İslam İnkişaf Bankının (İİB) Strategiya və Araşdırmalar Mərkəzinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elvin Əfəndi söyləyib.
E.Əfəndi qeyd edib ki, nüfuzlu alimlərimiz təkcə elm sahəsində deyil, həm də Azərbaycanın siyasətində, dövlət idarəetməsində, investisiya və digər sahələrdə öz töhfələrini verə bilərlər.
“Hər kəs çox həvəslidir. Bu, çox sevindirici haldır. Hər kəs vətənini, xalqını, məşğul olduğu elm sahəsini sevir. Əlindən gələni etmək istəyir. Bu cür hisslərlə hər şey etmək olar”, - deyə E.Əfəndi vurğulayıb.
Xatırladaq ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edir.