İkinci “Şuşa qrantı” müsabiqəsi elan edilmişdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının beynəlxalq xarakterli ikinci “Şuşa qrantı” birgə müsabiqəsi elan edilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə fond 2012-ci il mayın 8-də “Şuşa qrantı” müsabiqəsini təsis etmişdir. Həmin il birinci “Şuşa qrantı” müsabiqəsi keçirilmiş və qalib layihələr müəyyənləşdirilmişdir. Müsabiqənin nəticələri üzrə yerinə yetirilən dörd layihədən ikisi beynəlxalq xarakterli olmuşdur və hazırda onların icrası Almaniya və Ukrayna alimləri ilə birlikdə uğurla davam etdirilir.
EİF və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq, incəsənət sahələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və digər məsələlərin kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsi məqsədilə təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələri üzrə 2013-cü il üçün beynəlxalq xarakterli ikinci “Şuşa qrantı” məqsədli müsabiqəsini mayın 10-da elan etmişdir.
İkinci “Şuşa qrantı” müsabiqəsinin ümumi maliyyələşdirilmə məbləği 300.000 manatdır.
Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr kiçik və orta maliyyə həcmli qrantlar şəklində olmaqla təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrini əhatə edən fundamental-tətbiqi xarakterli layihələri, Qarabağ mövzusu ilə əlaqəli respublika, regional və beynəlxalq səviyyəli müştərək (hər hansı bir qurumla birlikdə) konfrans, simpozium, seminar və başqa elmi tədbirlərin Azərbaycanda təşkili və keçirilməsini, Azərbaycan alim və mütəxəssislərinin Qarabağ mövzusu ilə bağlı xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə (bir qayda olaraq, dəvətli və şifahi məruzəçilər qismində) iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməklə təmin edilməsini, Qarabağ mövzusu ilə bağlı tamamlanmış və çapa hazır elmi əsərlərin (monoqrafiya, atlasların, sifarişli əsasda yazılmış elmi və analitik icmalların və s.) nəşrinin dəstəklənməsini əhatə edəcəkdir.
Müsabiqədə fərdi şəkildə alimlər və ya elmi yaradıcı kollektivlər (müxtəlif qurumlarda çalışan və fəaliyyət göstərən alim və mütəxəssislərin iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş) iştirak edə bilərlər. Seçim zamanı beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə üstünlük veriləcəkdir.
Müsabiqə ilə bağlı ətraflı məlumatları Elmin İnkişafı Fondunun rəsmi http://sdf.gov.az internet səhifəsindən əldə etmək olar.
Fond sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədi ilə məsləhət seminarları keçirəcəkdir.
Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcəkdir.