İQTİSADİYYAT
İkinci telekommunikasiya peykinin orbitə çıxarılması təxminən 2015-ci ilə planlaşdırılır
Bakı, 17 yanvar (AZƏRTAC). Keçən il “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsində kontraktlar üzrə işlər görülmüşdür. İlk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi bu ilin oktyabr ayına, sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması təxminən 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış, bu proses bu il də davam etdiriləcəkdir.