İQTİSADİYYAT
İKT sektoruna təxminən 400 milyon manat həcmində investisiya qoyulmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). 2011-ci ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artmış, bu isə uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur. Bizim ilkin hesablamalara görə, sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir.
Nazir bildirmişdir ki, ölkəmizdə MDB dövlətləri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam rəqəmləşdirilmiş və bütün ölkə üzrə beynəlxalq standart nömrələmə sisteminə keçirilmişdir. Sabit telefon şəbəkəsinin tutumu təxminən 50000 nömrə artaraq hər 100 nəfərə 18,6 faiz sıxlığa çatdırılmışdır. Mobil şəbəkə genişləndirilmiş, hər üç operator müasir 3G xidmətləri göstərməyə başlamış və nəticədə 3G abonentlərinin sayı qısa müddətdə 2 milyona çatmışdır. Bu gün artıq əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür ki, bu da ümumdünya orta göstəricisindən təxminən 40 faiz yüksəkdir.