CƏMİYYƏT
İlia Darçiaşvili: Gürcüstan Azərbaycanla əməkdaşlığı bir neçə istiqamətdə dərinləşdirməkdə davam edir

Tbilisi, 20 oktyabr, AZƏRTAC
Gürcüstan hökuməti iki ölkə arasındakı strateji tərəfdaşlığa əsaslanaraq Azərbaycanla əməkdaşlığı bir neçə istiqamətdə dərinləşdirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentdəki çıxışı zamanı söyləyib.
Bildirib ki, ki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Biz mövcud olan bu tərəfdaşlığa əsaslanaraq, bir sıra istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirməyə davam edirik. Azərbaycan və Gürcüstan öz ərazilərindən keçən nəqliyyat-kommunikasiya dəhlizinin cəlbediciliyinin artırılmasında böyük rol oynayır. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, Orta Dəhliz vasitəsilə yükdaşımaların əhəmiyyəti xeyli artıb, bu istiqamətdə Azərbaycan və Türkiyə ilə intensiv əlaqə davam etdirilir.
Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda keçirildiyini xüsusi qeyd edən nazir deyib ki, Gürcüstan Türkiyə ilə də strateji əlaqələr çərçivəsində fəal əməkdaşlığı davam etdirir. Üçtərəfli əməkdaşlıq da öz töhfəsini verməkdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi