REGİONLAR
İlin sonuncu Ay tutulması ölkəmizdə də müşahidə edilib VİDEO
Şamaxı, 18 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Bu gün 2024-cü ilin sonuncu - ikinci Ay tutulması baş verib. Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatıb. Tutulmanın maksimum həddi isə saat 06:44-ə təsadüf edib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İsgəndərova deyib.
Onun sözlərinə görə, 2024-cü il üçün ümumilikdə iki Günəş və iki Ay tutulması proqnozlaşdırılıb ki, artıq onlardan üçü geridə qalıb. İlin sonuncu Günəş tutulması isə oktyabrın 2-də olacaq.
“Bugünkü Ay tutulması ölkəmizdə də müşahidə olunub. Mart və aprel aylarında baş verən Ay və Günəş tutulmasını gözlə və teleskopla izləmək mümkün olmamışdı. Həmçinin oktyabrda baş verəcək tutulmanı da izləmək mümkün olmayacaq”, - deyə A.İsgəndərova əlavə edib.
Xatırladaq ki, Ay tutulmasını ölkəmizlə bərabər, Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərb regionlarında da müşahidə etmək mümkün olub.