İlk dəfə dövlət qulluğuna qəbul olunmaq istəyənlərin 536-sı imtahanı müvəffəqiyyətlə verib
Bakı, 25 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. DİM imtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edir.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxlərdən 1181-i ilk dəfə dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərdir. Onlardan 536-sı (45,3 faiz ) imtahanı müvəffəqiyyətlə verib.
İmtahanda iştirak edənlədən 491-i məlumatları “Dövlət qulluqçularının reyestri” sisteminə daxil edilən şəxslər olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.
İmtahanda iştirak üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 43 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 11-i imtahandan uğurla keçib. Dövlət qulluğunda çalışan və test imtahanında uğur qazanan 11 nəfərdən yeddisi hazırda çalışdığı vəzifədən daha yüksək vəzifə qrupu üzrə sertifikat alıb. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər. Üç nəfər hazırda çalışdığı vəzifəyə uyğun, bir nəfər isə daha aşağı vəzifə qrupu üzrə sertifikat əldə edib.
Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 393 nəfər imtahanda iştirak üçün qeydiyyatdan keçib və onlardan 108-i (27,5 faiz) müvəffəqiyyət əldə edib.
İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak üçün qeydiyyatdan keçib və onlardan 21-i uğur qazanıb.
Beləliklə, ümumi statistikaya nəzər yetirdikdə aydın olur ki, ilk dəfə dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin 45,3 faizi, digər kaetoqoriyaya aid olanların isə 28,5 faizi test imtahanından uğurla keçib. İlk dəfə dövlət qulluğuna qəbul olunmaq istəyənlərin müvəffəqiyyət göstəricilərinin daha yüksək olması bundan əvvəl keçirilən imtahanlarda da müşahidə edilib.
Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1672 namizəddən 676-sı (40,4 faiz) uğur qazanıb.