İlk dəfə hərbi məqsədlə istifadə olunan audiolinqual metod – İnşaat Kollecində elmi seminar




Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində ingilis dili müəllimi Günel İsmayılova “Audiolinqual metod” mövzusunda elmi seminar keçirib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda İnşaat Kollecinin müəllim-tələbə heyəti ilə yanaşı Bakı Slavyan Universitetindən müəllimlər də iştirak ediblər. Məruzəçi dil öyrənmədə tətbiq olunan audiolinqual metodun nə olduğu, necə meydana gəldiyi, öz dövrü üçün hansı üstünlüklər qazandırdığı ətrafında söhbət aparıb. Fikirlərini slaydlar üzərində geniş izahlarla təqdim edən məruzəçi qeyd edib ki, populyarlıqdan və effektiv tədris metodologiyası kimi nüfuzdan düşməsinə baxmayaraq, hələ də bu metoddan faydalananlar var. İlk dəfə II Dünya müharibəsində casusluq məqsədilə istifadə edilən metodun çox zaman insanlar arasında ordu metodu kimi tanındığını deyən mütəxəssis onun nəzəriyyəsi, istifadə texnika və prinsiplərindən danışıb, müsbət və mənfi tərəflərinə toxunub.
Sonra Günel İsmayılova tərəfindən auditoriyanın sualları cavablandırılıb, mövzuya dair birgə fikir mübadiləsi aparılıb.
Seminarın yekununda qonaqların çıxışları dinlənilib. Çıxışçılar təhsil müəssisələrində qarşılıqlı tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunub, seminarı yüksək qiymətləndiriblər.