İlk dəfə xarici vətəndaş muxtar respublikada vətəndaşlığa qəbul edilib
Naxçıvan, 4 aprel, AZƏRTAC
İlk dəfə xarici vətəndaş muxtar respublikada vətəndaşlığa qəbul edilib. Prezidentin Sərəncamı ilə vətəndaşlığa qəbul edilən Qalina Mamedova Azәrbaycan Respublikasına sadiq olacağı barədə and içib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən görüşdə Xidmətin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakının təmin edildiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə Dövlət Miqrasiya Xidmətinin vəzifəsi kimi müəyyən olunub.
Xidmət rəisi son illər Azərbaycanda və muxtar respublikada həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan, beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin edildiyi, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən danışıb. Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə respublikamızın vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artdığı qeyd olunub.
Sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunan Qalina Mamedova Dövlət bayrağı önündə Azәrbaycan Respublikasının Konstitusiyasına əl basaraq dövlət dilində Azәrbaycan Respublikasına sadiq olacağı barədə and içib. Vətəndaşlığa qəbul olunan Qalina Mamedovaya bununla bağlı arayış təqdim edilib.
Qalina Mamedova Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacağını və bu böyük etimada görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.