İDMAN
İlqar Müşkiyev, Tərlan Kərimov və Nicat Şıxəlizadə cüdo üzrə “Böyük dəbilqə” turnirinə qələbə ilə başlamışlar [YENİLƏNİB]
Bakı, 4 may (AZƏRTAC). Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq İlqar Müşkiyev ilk rəqibi Filipp Qrafa (Almaniya) qalib gələrək növbəti mərhələyə adlamışdır. Cüdoçumuz növbəti rəqibi Eşli Makkenzi olacaqdır.
Vüqar Şirinli (60 kq) birinci görüşündə Herlen Handbolda (Monqolustan) məğlub olmuşdur. Həmin çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə qazaxıstanlı Rüstam İbrayevi məğlub etsə də, növbəti qarşılaşmasında monqolustanlı Amaratuşvin Daşdavaya uduzmuşdur. Oruc Vəlizadə də Paata Merebaşviliyə (Gürcüstan) uduzaraq yarışda iştirakını dayandırmışdır.
“Böyük dəbilqə” yarışında 66 kiloqram çəki dərəcəsində Azərbaycan dörd idmançı ilə təmsil olunmuşdur. Milli komandamızın üzvü Tərlan Kərimov qazaxıstanlı Aybek İmaşevi məğlub edərək növbəti mərhələyə adlamışdır. Bu mərhələdə idmançımızın rəqibi Tristan Peykrişvili olacaqdır. Nicat Şıxəlizadə də almaniyalı rəqibi Entoni Zinqaya qalib gəlmişdir. Digər cüdoçularımız - Elvin Mustafayev gürcüstanlı Şalva Kardavaya, Turan Seyidov isə monqolustanlı Tumurxuleq Davadorja məğlub olmuşlar.