REGİONLAR
İmişli “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb




İmişli, 10 may, Mahir Babayev, AZƏRTAC
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təsis yığıncağı keçirilib.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İmişli “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və digər nümayəndələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın yaradılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyevin bu strategiyanı uğurla davam etdirdiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın dövlətçilik xidmətlərindən bəhs edib, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb.
Yığıncaqda təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri müəyyənləşib.
Həmçinin YAP sıralarına yeni qəbul olunmuş İmişli “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.
Sonda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə ASAN Könüllüləri tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub.