İmişlidəki “ASAN həyat” kompleksində Aprel döyüşlərinin ildönümü qeyd edilib
İmişli, 4 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 4-də İmişlidəki “ASAN həyat” kompleksində “ASAN xidmət” və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayonun rəhbər işçiləri, “ASAN xidmətin” əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Aprel döyüşlərində qazanılan qələbədən danışaraq bildiriblər ki, bu qələbə ermənilərə ordumuzun gücünü, qüdrətini hiss etdirdi. Azərbaycan Ordusu müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə layiqli qələbə qazandı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2 min hektardan çox ərazisi azad edildi, minlərlə hektar torpaq ordumuzun nəzarətinə keçdi. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirdi.
Qeyd edilib ki, Aprel döyüşləri zamanı İmişlidən olan hərbçilər Nəcməddin Savalanov və Cavid Dədəkişiyev son ana qədər Vətən uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. Mərasimdə, həmçinin Nəcməddin və Cavid kimi qəhrəmanlıq göstərən digər şəhidlərimizin də igidliklərindən bəhs olunub.
Vurğulanıb ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda Vətənə, torpağa, sevgi hislərinin aşılanması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Tədbir konsert proqramı ilə davam edib.