İmişlinin 40 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb
İmişli, 1 may, Mahir Babayev, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, İmişlidə də əhalinin pulsuz kütləvi dispanserizasiyası yüksək fəallıqla davam edir. Humanitar aksiya rayon üzrə 98 min 504 nəfəri əhatə edir. Fevralın 12-dən indiyədək 72 min 102 nəfər rayon sakini tibbi müayinədən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyanın müvəffəqiyyətlə başa çatdırılması üçün rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yardılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 5 peşəkar həkim briqadası yaradılıb. Onlardan üçü daimi, ikisi isə səyyardır. Səyyar həkim briqadası fiziki imkanı məhdud olan, ahıl insanların müayinəsini evlərdə aparır.
Artıq rayonun 49 yaşayış məntəqəsindən 40-da müayinələr başa çatıb.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Eynulla Qasımov bildirib ki, aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 57 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçirilib. Onlardan 221 nəfəri ambulator, 49 nəfəri stasionar müalicəyə cəlb olunub, 8 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 6 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.