İmişlinin Aranlı kəndində tikilən məktəb binası yeni dərs ilində istifadəyə veriləcək
İmişli, 5 aprel, Mahir Babayev, AZƏRTAC
İmişlidə Aranlı kənd 2 nömrəli tam orta məktəb üçün inşa olunan 132 yerlik binanın tikintisi tamamlanmaq üzəridir. Tikinti işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə tikilən məktəb binasının inşasına ötən ilin avqust ayında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtükləri vurulub, qapı və pəncərələr quraşdırılıb, suvaq işləri görülüb. Hazırda sinif otaqları, fənn kabinetləri, akt və idman zalları və digər yardımçı otaqlarda elektrik və komunikasiya xətləri çəkilir, divar və tavanlarda rənglənmə işləri aparılır. Təhsil ocağının dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması üçün ərazidə su anbarı və qazanxana tikilib, transformator quraşdırılıb. Məktəb binası yeni dərs ilində pedaqoji kollektivin istifadəsinə veriləcək.