REGİONLAR
İmişlinin xurma bağlarında yetişən məhsulun bir hissəsi xarici bazarlara göndərilirVİDEO
İmişli, 13 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişlinin xurma bağlarında bu il bol məhsul yetişib. Bağbanlar məhsulu əsasən yerli bazarlara çıxarır, həmçinin sifarişə uyğun olaraq xaricə də göndərirlər. İndiyədək xarici bazarlara 100 tona yaxın məhsul ixrac olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə xurma bağları rayonun əsasən Şahverdili kəndində daha çox əkilib. Kənddə olan təsərrüfatların demək olar ki, 90 faizindən çoxunda xurma ağacları var.
Nəbi Vəliyev Şahverdili kənd sakinidir, uzun illərdir həyətyanı sahəsində digər meyvələrlə yanaşı, xurma ağacları da becərir. Deyir ki, orta hesabla hər ağacdan 40 kiloqramda çox məhsul yığır. “Bağda “şişburun” xurma növləri də var, amma içi qara olan xurmalar daha yaxşı satılır. Hazırda məhsulumuz boldur, qiymətlər də münasibdir. Pərakəndə halda 90 qəpiyə, topdan satışla isə 40 qəpiyədir. Məhsulumuzu əsasən yerli bazarlara təhvil veririk. Lakin xaricdən də sifarişlər olur".
Xurma bağlarından qazanc əldə edən fermerlərdən biri də Əlövsət Əmirovdur. O, uzun illərdir bağçılıqla məşğuldur. “Oktyabrın ikinci on günlüyündən məhsul yığımına başlamışıq. Ötən illərə nisbətən bağlarımızda daha çox məhsul yetişib. Çünki xurma bağlarında bu il demək olar ki, xəstəlik və ziyanvericilərə rast gəlinməyib. Bu da məhsuldarlığa müsbət təsir edib. Məhsulumuzu əsasən yerli bazarlara təhvil veririk, qiymət də ucuzdur".
Qeyd edək ki, Şahverdili kəndində 200-dən çox təsərrüfatda xurma bağları mövcuddur. Hər il bu bağlardan 300 tondan çox məhsul tədarük edilir.