İNDONEZİYADA ADR-İN 90 İLLİYİ GENİŞ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfirliyi 28 May - Respublika günü münasibətilə “Borobudur” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.
Səfirlikdən verilən məlumata görə, İndoneziya rəsmiləri, o cümlədən Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika ölkələri baş idarəsinin rəisi vəzifəsini icra edən Məhəmməd Asruxin, Nümayəndələr Palatasının sədr müavini A.Muhaimin İskəndər, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası baş katibinin müavini Soeunq Ratçavi, Asiya Texnologiya İnstitutunun (Tailand) prezidenti, soydaşımız Səid İrandust, diplomatik korpusun, ictimaiyyətin, türk icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri, ümumilikdə 250-yə yaxın qonaq iştirak etmişdir.
Səfir İbrahim Hacıyev Azərbaycan Demokratik Respublikasının Şərqdə ilk parlamentli dövlət olduğunu, demokratik prinsiplər əsasında qurulduğunu vurğulamışdır.
Səfir 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin davamçısı olduğunu, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olan bir dövlətə və regional liderə çevrildiyini qeyd etmişdir. İ.Hacıyev Azərbaycanın daxili və xarici siyasətinin uğurları, dünya birliyinə inteqrasiyası, ölkəmizin təşəbbüsü və liderliyi ilə icra olunan irimiqyaslı regional enerji və nəqliyyat layihələrindən söz açmış, Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətləri, Azərbaycan-İndoneziya əməkdaşlığının inkişafı barədə məlumat vermişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səyləri barədə danışan İ.Hacıyev demişdir ki, bu il martın 14-də BMT Baş Məclisi Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamə qəbul etmişdir. Diplomat qətnaməni dəstəkləmiş İndoneziya və digər dost ölkələrin hökumət və xalqlarına minnətdarlığını bildirmiş, münaqişənin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həllinin mümkünlüyünü vurğulamışdır.
İndoneziya Prezidentinin tapşırığı ilə qəbulda əsas qonaq qismində iştirak edən ətraf mühit üzrə dövlət naziri Raçmat Nadi Vitoelar Kartaadiputra Prezident Susilo Bambanq Yudhoyononun Azərbaycan xalqına və Prezidenti İlham Əliyevə təbriklərini səsləndirmişdir.
Tədbirdə Azərbaycan haqqında materiallar, o cümlədən DVD-lər, fotoşəkillər nümayiş etdirilmiş, səfirliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə hazırladığı kitab və DVD-lər tədbirin qəbul iştirakçılarına paylanmış, Azərbaycan musiqisi səsləndirilmişdir.
İndoneziyanın bir sıra hökumət və qeyri-hökumət təşkilatları və Azərbaycana dost münasibət bəsləyən nüfuzlu ictimaiyyət nümayəndələri, o cümlədən sabiq prezident Meqavati Soekarnoputri, işçi qüvvəsi və transmiqrasiya naziri Erman Suparno, baş prokuror Hendarman Supandji və Cakarta Ticarət Palatasının sədri Sofyan Pane gül dəstələri göndərmişlər.
İndoneziyanın sənaye naziri Fəhmi İdris, işçi qüvvəsi və transmiqrasiya naziri E.Suparno Respublika günü münasibətilə səfirliyə təbrik məktubları göndərmişlər.