İndoneziyanın gənclər və idman naziri Azərbaycan Dillər Universitetində tələbələrin suallarını cavablandırıb
Bakı, 23 aprel, AZƏRTAC
İndoneziyanın gənclər və idman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov qonaqlara universitetin tarixi, fakültələri və təhsil ocağında tədris olunan dillər haqqında məlumat verib. Universitetdə altı mindən çox tələbənin təhsil aldığını deyən prorektor beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin indoneziyaşünaslıq ixtisasında ümumilikdə təhsilin bakalavr pilləsi üzrə 77, magistratura pilləsi üzrə isə 7 nəfərin təhsil aldığını qeyd edib. ADU-da İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətindən söz açan prorektor bu yaxınlarda İndoneziya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradıldığını, orada “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu xatırladıb.
İ.Nahravi ADU-da olmaqdan məmnunluğunu söyləyib. ADU-nun fəaliyyəti və bu ali məktəbdə tədris edilən dillər haqqında məlumata sahib olduğunu deyən İ.Nahravi İndoneziya dili və bu dilin işlək olduğu ərazilər haqqında danışıb. Nazir, həmçinin Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişafından da söz açıb.
Sonra İ.Nahravi İndoneziya Araşdırmalar Mərkəzi ilə tanış olub və burada tələbələri maraqlandıran sualları cavablandırılıb.