İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbuluna başlanılmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbuluna başlanılmışdır.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər innovativ və tətbiqi elmi-texniki informasiya-kommunikasiya texnologiyaları üzrə (İKT) layihələri təqdim edərək iştirak edə bilərlər. Buraya mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, internet xidmətlərinin inkişafı aiddir.
Qrant müsabiqəsində iştirak etmək üçün Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) E-Qrant bölməsindən qeydiyyatdan keçərək layihələri təqdim etmək olar. Həmçinin layihələr kağız və elektron formada təqdim oluna bilər. Layihələrin qəbulu aprelin 2-dən mayın 2-dək davam edəcəkdir.
Müsabiqənin qalibləri təxminən iyun ayında məlum olacaqlar.
Layihələrə 10 min manatdan 300 min manatadək vəsait ayrılması nəzərdə tutulmuşdur.