İngiltərə Rusiyada keçiriləcək dünya çempionatını boykot etməkdən vaz keçib
Bakı, 29 dekabr, AZƏRTAC
İngiltərə Futbol Assosiasiyasının (FA) baş katibi Aleks Horn bildirib ki, onun ölkəsinin yığma komandası 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını (DÇ-2018) boykot etmək niyyətində deyil.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, FA-nın əvvəlki rəhbəri Devid Trisman Avropa ölkələrini DÇ-2018-də iştirak etməməyə çağırırdı. Trisman hesab edirdi ki, 2018-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsində ciddi pozuntulara yol verilib. Buna görə də o, UEFA-ya müraciətlə həmin çempionatı boykot etməyə çağırırdı.
Funksionerin bəyanatında deyilir ki, FİFA yetərincə açıq təşkilat deyildir. Trisman vurğulayıb: “Avropa birləşməlidir. Mişel Platini və UEFA idmanın təmizliyinə tərəfdar çıxmalıdır. Rusiya müqavimət göstərəcək, lakin dünya futbolundakı qüdrətli qüvvələr ona təsir göstərə bilərlər”.
Keçən həftə Britaniyanın ən populyar qəzetlərindən olan “Telegraph” nəşrinin oxucuları Rusiya mundialına getməkdən imtina edilməsi təklifinə səs veriblər. Sorğu iştirakçılarının 92 faizi DÇ-2018-in boykot edilməsini dəstəkləyib.
Hornun dediyinə görə, ingilislər FİFA-ya təzyiq göstərmək məqsədilə çempionatı boykotla hədələməyə hazırlaşmırlar.
BBC agentliyi FA-nın baş katibinin aşağıdakı sözlərini sitat gətirir: “Dünya çempionatı fantastik turnirdir və biz həmin turnirdə iştirak etmək istəyirik. Hesab edirəm ki, futbolu siyasətlə bağlamaq düzgün deyil. DÇ-2018-in İngiltərə yığması tərəfindən boykot olunmasını təsəvvür edə bilmirəm”.
Xatırladaq ki, Trisman FİFA-ya sponsorlar vasitəsilə təzyiq göstərməyi nəzərdə tuturdu. Belə ki, əgər Beynəlxalq Futbol Federasiyası “saf və şəffaf” olmasa, həmin sponsorlar onunla əməkdaşlıqdan imtina edə bilərlər.
Noyabrın əvvəlində Trisman FİFA-nı ümumiyyətlə DC-2018-ə və DÇ-2022-yə ev sahibliyi edəcək ölkələrin seçkisini yenidən keçirməyə çağırırdı. Lakin dünya futbolunun rəhbərliyi bu təklifi rədd edib.
FA-nın digər keçmiş sədri Devid Bernşteyn də Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsindən danışırdı. O güman edirdi ki, İngiltərə yığmasının mundialdan çıxarılması Fransa, Almaniya, İtaliya, İspaniya, Hollandiya və başqa ölkələr üçün də futbolun “əcdadlarından” nümunə götürmək üçün əla səbəb olacaq.
Bernşteyn deyib: “ Əgər indi İngiltərə Futbol Assosiasiyasının başçısı mən olsaydım, UEFA-ya daxil olan başqa ölkələrə təsir göstərmək üçün əlimdən gələni edərdim. Bəzi ölkələr yəqin ki, bizim tərəfimizə keçəcəklər. Dünyanın aparıcı komandalarının iştirakı olmadan çempionatı təsəvvür etmək mümkün deyil”.
İngiltərə Futbol Assosiasiyasının indiki rəhbəri Qreq Dyuk Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsi barədə bəyanatlar verməyib, lakin o, FİFA-ya müraciətlə DÇ-2018/2022 çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçimində korrupsiya ilə bağlı təhqiqatın tam mətninin dərc olunmasını xahiş edib.
Həmin təhqiqatı təşkilatın Etika Komitəsinin sədri Maykl Qarsiya aparıb. FİFA-nın üzvü və onun köməkçiləri 75-dən çox şahid arasında sorğu keçiriblər. Maykl Qarsiyanın Beynəlxalq Futbol Federasiyası tərəfindən qismən dərc edilmiş hesabatına əsasən, bu təhqiqatın yalnız ümumi gedişi barədə məlumat almaq olar. FİFA-nın dərc etdiyi məlumatda bildirilir ki, çempionatlara ev sahibliyi edəcək ölkələrin seçilməsində heç bir pozuntu aşkar edilməyib.
2018-ci ildə keçiriləcək dünya çempionatının ev sahibliyinin Rusiyaya verilməsi haqqında FİFA-nın qərarı 2010-cu il dekabrın 2-də qəbul edilib. DÇ-2018-in “ev sahibi” olmağa İngiltərə, habelə İspaniya/Portuqaliya və Belçika/Hollandiya müştərək layihələri də iddia edirdi.
Rusiyada dünya çempionatı matçlarını 11 şəhərdəki 12 stadionda keçirmək planlaşdırılır. DÇ-2018-in matçlarının keçiriləcəyi şəhərlərin siyahısı 2012-ci il sentyabr ayında təsdiq olunub. Həmin siyahıya aşağıdakı şəhərlər daxildir: Moskva, Kalininqrad, Sankt-Pterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov Don, Soçi və Yekaterinburq.