İQTİSADİYYAT
“İnkişaf etməkdə olan kosmik ölkələr üçün çağırışlar və potensial inkişaf imkanları" mövzusunda seminar işinə başlayıb

Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Bakı Konqres Mərkəzində BMT və Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı ilə "İnkişaf etməkdə olan kosmik ölkələr üçün çağırışlar və potensial inkişaf imkanları" mövzusunda seminarın açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, açılışda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Kosmik Məsələlər üzrə İdarəsinin direktoru Aarti Holla-Maini tədbirin yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd elm, təhsil və innovasiyaların yolu ilə dayanıqlı inkişafa nail olmaq. "Bu seminarda biz kosmosun yer üzündə tərəqqinin və innovasiyanın stimullaşdırılmasında oynadığı əsas rolu vurğulamağa və qlobal problemlərin həllində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində və bütün dünyada sosial-iqtisadi inkişafın təşviqində kosmik texnologiyaların böyük potensialını nümayiş etdirmək üçün toplaşmışıq", - deyə Aarti Holla-Maini əlavə edib.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Movry hər kəsi gözəl Bakı şəhərində salamlamaqdan məmnun olduğunu ifadə edib. "Biz dayanaqlı inkişaf üçün kosmik sahənin daha çox töhfə verməsi üçün federasiya olaraq daim qlobal çağırışlarla ayaqlaşmağa çalışırıq. Federasiyanın əsas məqsədi dayanıqlı, innovasiyaların tətbiqi ilə kosmosu hər kəs üçün əlçatan etməkdir", - deyə Clay Movry bildirib.
Tədbirdə Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov, Kosmik Nəsil Məşvərət Şurası, Avropa Kosmik Siyasəti İnstitutunun rəhbər şəxsləri və 21 Kosmik Nəsil Konqresinin nümayəndələri iştirak edirlər.