İnsan alveri dünyada ən qlobal problemlərdən biridir
Şamaxı, 1 may, AZƏRTAC
Ağsu Regional Miqrasiya İdarəsi Şamaxıda “İnsan alverinə qarşı mübarizə və qanunsuz miqrasiya hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonun idarə və müəssisələrinin, hüquq mühafizə orqanlarının, turizm agentliyinin Şamaxı regional şöbəsinin, otellərin, istirahət mərkəzlərinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu Regional Miqrasiya İdarəsinin vəzifəli şəxslərinin çıxışlarında son illərdə insan alverinin müasir dünyada ən qlobal problemlərdən birinə çevrildiyi, insan alverinin məhz qanunsuz miqrasiyanın yaranmasına səbəb olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, qanunsuz miqrantların insan alverinin qurbanlarına çevrilmə riskinin artdığı bir şəraitdə qanunsuz miqrasiya hallarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin vaxtında görülməsi zəruridir.
Tədbirdə mövzu ilə bağlı Xidmət tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib, miqrasiya sahəsində verilən suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına insan alverinə qarşı mübarizə ilə bağlı hazırlanan maarifləndirmə bukletləri paylanıb.