İnsan sağlamlığına ciddi təhlükə yaradan saxta spirtli içkilər hazırlayan sex aşkarlanıb
Bakı, 29 mart, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları insan sağlamlığına ciddi təhlükə yaradan saxta, tərkibi məlum olmayan spirtli içkilər hazırlayan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat-tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xarici dövlətlərdə istehsal olunaraq Azərbaycana idxal edilən spirtli içkilərin ölkə daxilində saxta nümunələrini eyni adlar altında qanunsuz olaraq hazırlayan Bakı şəhər sakini Cabir Həsənov və qohumu Dadaş Həsənov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Saxlanılan şəxslərə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli anbara və sexə baxış zamanı külli miqdarda saxta “Stoliçnaya”, “Absolut” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, bu içkilərin hazırlanmasında istifadə edilən mənşəyi məlum olmayan spirt, külli miqdarda aksiz markalar, etiketlər, qapaqlar və digər avadanlıqlar aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, qanunsuz yolla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər. Baş idarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz, istifadəyə tam yararsız və ən əsası insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş idarənin istintaq şöbəsinə göndərilib.