“İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin elmi işlər üzrə prorektoru Rauf Bəylərov konfransda yerli mütəxəssislərlə yanaşı, İtaliya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlərin iştirak etdiyini bildirib: “Konfransda təbabətin bir sıra növlərini və aktual problemləri əhatə edəcək məruzələr və müzakirələr aparılacaq. Düşünürəm ki, həmin müzakirələr praktiki həkimlər üçün maraqlı olacaq. Burada yerli və beynəlxalq mütəxəssislərin öz tədqiqatlarını bölüşmələri səhiyyənin inkişafına və gələcəkdə elmi işlərin aparılmasına töhfə verəcək”.
Sonra çıxış edən universitetin I mamalıq-ginekologiya kafedrasının professoru Nigar Kamilova Azərbaycan Tibb Universiteti və burada görülən işlər barəsində tədbir iştirakçılarına məlumat verib.
Konfransda iştirak edən xarici qonaqlar da tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu deyib, təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Konfrans plenar sessiyalarla davam edib.