İNSTİTUTDA BİOMETRİK TEXNOLOGİYALAR SAHƏSİNDƏ ELMİ TƏDQİQATLAR APARILIR
Bakı, 5 aprel ( AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) biometrik texnologiyalar sahəsində elmi tədqiqatlar “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə zəruri olan bir neçə istiqamətdə müəyyən edilmişdir.
İnstitutda milli biometrik eyniləşdirmə sisteminin tədqiqi, biometrik texnologiyaların testləşdirilməsi, biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi, mövcud biometrik texnologiyaların təkmilləşdirilməsi və yeni texnologiyaların işlənməsi istiqamətlərində bir sıra elmi nəticələr əldə edilmişdir. İTİ-də biometrik texnologiyalar üzrə dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edilməsinə xüsusi fikir verilir. San-Xose Dövlət Universiteti və ABŞ-ın Milli Biometrik Test Mərkəzi ilə biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi üzrə birgə elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatların gedişində toplanmış təcrübəni nəzərə alaraq ABŞ tərəfdaşlarının tövsiyəsi və dəstəyi ilə biometrik texnologiyalara dair kitabın hazırlanması qərara alınmışdır.
AMEA-nın müxbir üzvü R.Əliquliyev, texnika elmləri namizədi Y.İmamverdiyev və V.Musayevin müəllifi olduqları “Biometrik texnologiyalar” kitabı artıq nəşriyyata təqdim edilmişdir.
Kitabda müxtəlif biometrik texnologiyaların müasir vəziyyəti və inkişaf meylləri təhlil edilmişdir. Barmaq izləri, sifət şəkli, gözün qüzehli qişası, səs, DNT əsasında biometrik sistemlər ətraflı izah edilmişdir. Biometrik sistemlərin iş xarakteristikalarının testləşdirilməsi, təhlükəsizliyi, elektron pasportlar da kifayət qədər təhlil edilmişdir.
Azərbaycan dilli oxucuların geniş dairəsi üçün nəzərdə tutulmuş biometrik texnologiyalar üzrə ilk kitab yaxın vaxtlarda oxucuların ixtiyarına təqdim ediləcəkdir. Yeni nəşrin digər dillərə tərcüməsi də nəzərdə tutulur.